BAYRAQDAR MEDİA – Cari ilin fəaliyyət planına əsasən Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Milli Aviasiya Akademiyasına (MAA) ziyarət təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “ziyarətdə 14 ölkənin hərbi attaşelik aparatının 17 nümayəndəsi iştirak edib. Əvvəlcə qonaqlara MAA-nın yaranma tarixi, inkişaf mərhələləri, strukturu və fəaliyyəti barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, ötən əsrin sonlarından fəaliyyətə başlayan Akademiya Azərbaycanın mülki aviasiya sahəsinin ixtisaslı kadrlarla təminatında mühüm rol oynayır. Akademiyada bakalavriat və magistratura səviyyələrində 3 mindən çox tələbə təhsil alır”.
Ardınca xəbərdə, “qonaqlara təhsil ocağında aviasiya sahəsində böyük təcrübəyə malik peşəkar pilotların, dispetçerlərin, mühəndislərin və ixtisaslaşmış mütəxəssislərin tədris və təlimlərdə iştirakı barədə məlumat verilib. Eyni zamanda, Akademiyada elmi tədqiqatlar, mühəndislərin və tələbələrin yaradıcılıq fəaliyyəti haqqında məlumat təqdim olunub. Daha sonra hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb. Ziyarət çərçivəsində qonaqlar MAA-nın Təlim Mərkəzində uçuşları tam imitasiya edən simulyatorların işini müşahidə ediblər. Həmçinin hərbi attaşelər təhsil müəssisəsinin ərazisində, Elm-İstehsalat Birliyində, Aviasiya Tarixi muzeyində, kitabxanada, laboratoriyalarda, idman kompleksində və tədris korpuslarındakı auditoriyalarda olub, tələbələrlə keçirilən tədris prosesini izləyiblər” deyə diqqətə çatdırılır.
Sonda birgə xatirə fotosu çəkilib.





