Press "Enter" to skip to content

Böyük TURANa gedən YOLumuz kutlu olsun

Nadir İsmayılov

Yaxud, türk dünyasının gələcəyi ilə bağlı atılan hər bir addımı bizi beşqat, onqat sevindirir

Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri

BAYRAQDAR MEDİA – “Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi keçiriləcək. Həmin gün eyni zamanda “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirələri və “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” təşkil olunacaq. Noyabrın 25-də isə Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis konfransı və “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq”.

Bu, ata-babalarımızın arzuladığı Böyük TURANa, “Qızıl Alma”ya gedən yolda bəlkə də həlledici rol oynayacaq

Bu 3 cümlə bəlkə də biriləri üçün sıradan bir xəbəri ifadə edir. Lakin bu tədbirin keçirilməsi, ürəyi hər zaman türk dünyası ilə döyünən 10 milyonluq Azərbaycan əhalisinin mütləq əksəriyyətini sevindirir. Xüsusilə də ölkəmizdə bəlli kəsim var ki, onlar üçün bu xəbər qürurdur, sevincdir, uğurdur və gələcəyə -Türk Dünyasının gələcəyinə daha da inamla baxmaq üçün əlavə stimuldur. Həmin kəsim barədə sonda bəhs edəcəm. Hələlik isə vurğulayaq ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən türk dünyasının daha da dərin inteqrasiyası istiqamətində möhtəşəm və tarixi addımlar atır. Elə addımlar ki, bu, ata-babalarımızın arzuladığı Böyük TURANa, “Qızıl Alma”ya gedən yolda bəlkə də həlledici rol oynayacaq.

Türk dünyasının ürəyi Azərbaycanda döyünür
Türk dünyasının ürəyi Azərbaycanda döyünür

Bu gün böyük qürur hissi ilə deyirik ki, məhz Azərbaycan dövlətinin əldə etdiyi uğurlar və Prezident İlham Əliyevin qətiyyətli mövqeyi türk dünyasının yeni və daha güclü bir dövrə qədəm qoymasının əsasını qoydu. Xüsusilə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfər, türk dünyasında da şahlanışa təkan verdi. Məhz bu Zəfərdən sonra Türkiyə ilə Azərbaycan arasında tarixi Şuşa Bəyannaməsi imzalandı, onun ardınca isə türk dünyası qlobal məkana yeni formatda və adda qədəm qoydu. 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası estafeti yeni dünya düzənində aparıcı aktorlardan biri olacaq Türk Dövlətləri Təşkilatına verdi.

Azərbaycan dövlətinin türk dünyası ilə bağlı siyasətinin reallaşmasında QHT-lər də özünəməxsus rol oynayır

Bu yerdə vacib bir məqama da vurğu etməyi lazım bilirəm. Söhbət qeyri-hökumət təşkilatlarından gedir. Yəni, kimsəyə sirr deyil ki, Azərbaycan dövlətinin türk dünyası ilə bağlı siyasətinin reallaşmasında QHT-lər də özünəməxsus rol oynayır. Bu sırada da həmin siyasətin reallaşmasına birbaşa məsul olan Azərbacan Respublikasının Qeyri-Hökumət Təkilatlarına Dövlət Dəstəyi Agentliyinin rolunu xüsusi qeyd etməliyik.

Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundan xatirə fotosu
Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundan xatirə fotosu

Məhz Agentliyin təşəbbüsü və öndərliyi sayəsində Türkiyə və Azərbaycan, daha sonra Özbəkistan və Azərbaycan QHT-ləri arasında əməkdaşlıq forumlarının, nəhayət, Azərbaycanda TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi xüsusi olaraq vurğulanmalıdır. Onu da qeyd edək ki, forum çərçivəsində “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”nun da keçirilməsi Agentliyin türk dünyasının QHT sektorunda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımlarının davamlı olduğunu təsdiqləyir.

Bundan sonra da türk dünyası üçün atılacaq bütün addımlarda üzərimizə düşən işlərin öhdəsində layiqincə gəlməyə hazırıq

Yazımın sonunda türk dünyası QHT-ləri arasında əməkdaşlığın qurulması ilə bağlı həyata keçirilən işlərə, bu məsələdə ölkəmizin öncüllüyünə görə cənab Prezidentə, Azərbaycan dövlətinə, o cümlədən bu siyasəti uğurla reallaşdıran QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq etməklə yanaşı, bu işlərin bizlər – yəni uzun illər fəaliyyətini məhz bu istiqamətdə quran QHT-lər və ayrı-ayrı ictimai fəallar üçün xüsusilə sevinc və qürurla qarşlandığını bildiriməliyəm.

Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumundan xatirə fotosu
Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumundan xatirə fotosu

Bu gün bu ideyanın gerçəkləşməsi həm rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN), həm də Dünya Gənc Türk Yazarlar Birliyi, “Ortaq Dəyərlər” İctimai Birliyi, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyi, ATXƏM İctimai Birliyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi və onların timsalında türklüyə, türk dünyasının birliyinə gerçəkdən, canı-qanı ilə xidmət edən ictimai birlikləri beşqat, onqat sevindirir. Çünki bu, həm də bizim illərlə çatmağa çalışdığımız arzuların reallaşması, çəkdiyimiz zəhmətin hədər getməməsi deməkdir. Ona görə də böyük fərəh hissi ilə deyə bilərik ki, bundan sonra da türk dünyası üçün atılacaq bütün addımlarda üzərimizə düşən işlərin öhdəsində layiqincə gəlməyə hazırıq.

CASCFEN-in 2025-ci ildə reallaşdırdığı layihə də türk dünyasının birliyinə xidmət edirdi
CASCFEN-in 2025-ci ildə reallaşdırdığı layihə də türk dünyasının birliyinə xidmət edirdi

Çünki şəxsən CASCFEN olaraq fəaliyyətimiz boyu, xüsusilə də təkcə son 3 ildə Agentliyin dəstəyi ilə reallaşdırdığımız və türk dünyasını əhatə edən layhələr zamanı həm də türk dünyası QHT-lərinin bir platformada birləşməsi çağrışlarını etmiş və buna müsbət cavablar almışıq. Bu gün isə o istəklərin, arzuların çin olmasını görüb deyirik – Böyük TURANa gedən YOLumuz kutlu olsun!

Mission News Theme by Compete Themes.