Press "Enter" to skip to content

Sadəcə susurlar…

Gözəl

Son yeniləmə: 23 Noyabr 2025

BAYRAQDAR MEDİA – Çox anlayışsız bir ətrafla yaşayırıq.

İnsan dünyaya yaşamaq üçün gəlir, yalnız nəfəs almaq üçün yox. Yaşayıb-yaşatmaq, sevib-sevilmək üçün gəlir. Və bir dəfə gəlir — bircə dəfə. Dağılanı düzəltmək, qopanı yamamaq, itiriləni tapmaq üçün yox. Onun da düzəltmək, tapmaq, qoparmaq istədikləri var. Amma bizdə insan özünü yox, başqasını yaşatmaq üçün düşünülmüş canlıdır. Bizdə insan, “etməlisən”, “gərək idi”, “hamı elə edir” cümlələrinin arasında boğulan biridir.

• İnsan metalsız robotdur.

Çünki arzuları onun deyil. Ətrafdakıların arzusuna oxşamırsa insanın arzusu, deməli, o arzunun mövcudluğu mümkün deyil.

İnsan kitab oxumaqla xoşbəxt ola bilməz, çünki camaat uşaqlarına, illərdir, kitab oxudur. Musiqi dinləməklə rahatlıq tapa bilməz (Evin bircə dəlisi çatışmırdı, elə!), çünki camaat övladına layla deyir. Gəzintiyə çıxmaqla zövq ala bilməz. “Ala bilməz” nədir e?! Almamalıdır. Çünki camaat ailəsini dolandırır. Öz həyatını yaşaya bilməz insan. Çünki camaat yaşamağa vaxt tapmır. Halal zəhməti ilə qazandığı pulu özünə xərcləməklə isə ümumiyyətlə, xoşbəxt ola bilməz. Çünki camaat borca girir, kredit alır, ev-eşik sahibi olur (guya). Ömrünün sonuna kimi də borc verir. Hələ bu da yetmir, keçir təqaüdə. Təqaüdü də ödəyir öləndə cənazəsini çıxaracaqları evə görə. Bir az tez ölsə, borc övladına miras qalır. Axı nəsə qalmalıdır da özündən sonra.

Amma insana yenə də xoşbəxtlik arzulayırlar nədənsə. O da ancaq bir dəfə — evlənəndə. Yəni… mütləq evlənməlidir. İstəmirsə də. Olsun. Qohum-qardaş oynamaq istəyir. Ailələr arasında pul mübadiləsi getməlidir. Yox, tək pul yox — insan mübadiləsi də gedir. Qız “alırlar”, qız “verirlər” — satışa çıxarılmış ətlik-südlük mal kimi. Budur e xoşbəxtlik. Barmaqlarına bir-birinə aid olduqlarını bildirən üzükləri taxırlar. Necə də bəxtəvər görünürlər. Yazıqlar… Bəlkə hələ aid olmaq istədikləri biri ilə rastlaşmayıblar… Bəlkə hələ insanın qarşısına kim çıxmalıdırsa, o çıxmayıb… Bəlkə heç çıxmayacaq…

Nə fərqi var?! Vaxt bitib. Çünki üzük taxıldı, toy oldu. Və indi artıq… yalnız “xoşbəxtlik”…

• Ətraf xoşbəxtliyi insanın hissləriylə yox, öz ölçüləriylə ölçür.

Sevinci belə başqasının razılığına bağlıdır insanın.

• Hisslərinə sadiq qalan nankordur.

• Sevməyi bacaran cəsarətsizdir.

• Qorxan layiqli övladdır.

İnsafsız olmayım, özləri xoşbəxt olmaq istəyib evlənənlər də var. Özləri istəyiblər də, amma… Valideyn sözü dinləməyiblər. Böyük-kiçik bilmirlər. Tərbiyəsizdirlər. Heç xoşbəxt olarlar?!

İnsanın ömründə sayılası bir neçə gün var — bəlkə doğrudan da sevindiyi, içdən gülümsədiyi. Onu da adamın qursağında boğurlar. Guya yaxşı şeylər arzulayırlar: uzun ömür (bəlkə özü uzun yox, dəyərli ömür istəyir), təqaüdə çıxmaq (bəlkə işləyə-işləyə ölmək istəyir), övladının toyunu görmək (bəlkə övlad özü toy istəmir) və s., və s. Axı toy valideynin öz ətrafına göstərəcəyi səhnədir.

Bütün arzular dincəlməmək, ömür boyu boyunda yük daşıya-daşıya vəzifələr yerinə yetirmək üçündür. Axı qəbirə rahat girmək lazımdır.

• “Camaat nə deyər?!”

Axırda da gətirib bir dənə gülümsəyən şəkil vuracaqlar başdaşına. Baxanlar deyəcəklər: “Xoşbəxt adam idi”. Sinə daşına da yazacaqlar: “Vaxtsız getdi”. Halbuki hələ nə qədər işi qalmışdı o “vaxtsız”ın.

Mən tez-tez qəbiristanlığa gedirəm. Ora sükutun ən uc yeridir. Ora yalanların daha səslənmədiyi bir yerdir…

Və hər dəfə düşünürəm:

• Bu qədər insanın neçəsi xoşbəxt ölüb?..

• …Susurlar həmişə… •

Mission News Theme by Compete Themes.