BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və Elm və Təhsil Nazirliyi (ETN) yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə əməkdaşlığı çərçivəsində 2023-cü ildən etibarən “Təhsildə sosial iş” xidməti həyata keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu xidmətin məqsədi çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkar edilməsi və onlarla sosial-psixoloji işin aparılmasıdır. Ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1 min 059 ümumtəhsil müəssisəsinə səfər təşkil olunub. İlkin qiymətləndirmə nəticəsində yüksək risk qrupunda olan uşaqlar aşkar edilib və onlarla bağlı təfsilatlı qiymətləndirmə aparılıb. Nəticədə 300-ə yaxın şəxs üçün sosial-psixoloji və sosial müdafiə tədbirləri həyata keçirilib. Eləcə də, 400-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub”.
Ardınca xəbərdə, “sözügedən xidmət çərçivəsində bu il ərzində 535 məktəbə səfər edilib və çətin həyat şəraitində olan uşaqların qiymətləndirməsi aparılıb, 70-dən çox şəxsə müvafiq xidmətlər göstərilib. Eyni zamanda, xidmət çərçivəsində Bakı və regionlarda yerləşən 100-ə yaxın ümumtəhsil müəssisəsində uşaq hüquqlarının qorunması, erkən nikahın fəsadları, məişət zorakılığı ilə mübarizə, psixi sağlamlığın qorunması və s. mövzularda maarifləndirici görüşlər keçirilib” deyə bildirilir.





