Press "Enter" to skip to content

İlk dəfə bir platformada

Prezident İlham Əliyevin tədbir iştirakçılarına məktubu oxunarkən

Bakı TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumuna ev sahibliyi edib

BAYRAQDAR MEDİA – Noyabrın 24-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Ortaq Dəyərlər” İctimai Birliyinin birgə təşkilatçılığı, TİKA-nın dəstəyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ilk dəfə bir platformada toplaşıb.

Qazaxıstan nümayəndə heyəti
Qazaxıstan nümayəndə heyəti

Agentikdən verilən məlumata əsasən, tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.

Forumun açılış mərasimində türk dövlətləri arasında mövcud tarixi bağlılığı, ortaq dəyərləri, sıx əməkdaşlıq münasibətlərini və bu əlaqələrin inkişaf yolunu, perspektivlərini əyani şəkildə nümayiş etdirən videoçarx təqdim olunub.

Hikmət Hacıyev: Bu, yeni istiqamətdir

Sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub. Dövlət başçısının məktubunda deyilir ki, “Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.”

Forum zamanı
Forum zamanı

Hikmət Hacıyev onu da qeyd edib ki, hazırda türk dövlətləri ilə 34 müxtəlif əməkdaşlıq formatları olsa da, QHT-lər xətti ilə bu səviyyədə tərəfdaşlıq olmayıb, bu yeni istiqamətdir.

Aygün Əliyeva: Türk birliyinə gedən yol yalnız dövlətlərin iradəsindən deyil, həm də vətəndaş cəmiyyətlərinin həmrəyliyindən keçir

Açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Vətən müharibəsində qazanılan Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının uğurudur və bu Qələbə ortaq birliyin və həmrəyliyin təntənəsidir. Aygün Əliyevaya bildirib ki, türk birliyinə gedən yol yalnız dövlətlərin iradəsindən deyil, həm də vətəndaş cəmiyyətlərinin həmrəyliyindən keçir.

Aygün Əliyeva çıxış edərkən
Aygün Əliyeva çıxış edərkən

O, səkkiz ölkədən 500-ə yaxın nümayəndənin Bakıda qəbul edilməsindən məmnunluq ifadə edərək forumun yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına və ortaq layihələrin sistemli icrasına töhfə verəcəyini vurğulayıb. Bu baxımdan, Agentlik türk dövlətlərində fəaliyyət göstərən təsisatlarla əməkdaşlığa böyük önəm verir.

Hayrettin Özçelik: Ortaq mirasımızı kəşf etmək və müasir təcrübələrimizi paylaşmaq istəyirik

Hayrettin Özçelik: Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçelik isə qeyd edib ki, “Vizyonumuz hər zaman Türkiyənin beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır. Bu vizyona uyğun olaraq, Bakı ofisimiz əməkdaşlıq ruhunu qoruyaraq 2 minə yaxın layihəyə imza atıb. Təhsildən sağlamlığa, qabiliyyət inkişafından sosial layihələrə qədər müxtəlif sahələrdə fəaliyyət göstərərək, Türk dünyasının qarşılıqlı əlaqələrini genişləndiririk”.

Hayrettin Özçelik çıxış edərkən
Hayrettin Özçelik çıxış edərkən

O, həmçinin deyib: “Vətəndaş cəmiyyətinin dəyərlərini nəzərə alaraq, ortaq mirasımızı kəşf etmək və müasir təcrübələrimizi paylaşmaq istəyirik. Bu prosesdə iştirak edən bütün qurumların təcrübələri bir-birinə əlavə dəyər qatacaq və əlaqələrimiz daha da güclənəcək”.

Bildirilib ki, TİKA-nın Bakı ofisi bu istiqamətdə 2 minə yaxın layihə həyata keçirərək Türk dünyasında əməkdaşlığın genişlənməsinə töhfə verir.

Açılış nitqlərindən sonra iki panel müzakirəsi keçirilib.

“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”

“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda keçirilən panel müzakirəsində regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri əsas müzakirə mövzusu olub. Paneldə Türkiyənin Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri Babur Bekmuradov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsi sədrinin müavini Zhanargül Alzhanova, Türkmənistanın “CAER” Layihə Ofisinin direktoru Mergen Kepbanov, Macarıstanın “Danube” İnstitutunun icraçı direktoru İstvan Kiss, eləcə də Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun çıxış ediblər.

“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda keçirilən panel müzakirəsi
“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” mövzusunda keçirilən panel müzakirəsi

Çıxışçılar Zəngəzur dəhlizinin türk dünyası üçün strateji əhəmiyyətindən, bu marşrutun regiondaxili inteqrasiyanı gücləndirən mühüm nəqliyyat və əməkdaşlıq xətti kimi rolundan danışıb, vətəndaş cəmiyyəti institutlarının bu prosesə verdiyi töhfələri vurğulayıblar. Qeyd olunub ki, QHT-lər arasında əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin artırılması türk coğrafiyasında davamlı inkişaf və ortaq maraqların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”

“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan panel müzakirəsində iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan panel müzakirəsi
“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan panel müzakirəsi

Paneldə “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov, Qazaxıstanın “Sənin Gələcək” Respublika İctimai Birliyinin sədri Zhansaya İsmagulova, “Community Hub” İctimai Fondunun direktorları Asiya Tiryakova və Assiya Tikeyeva, “İkinci Respublika” İctimai Fondunun rəhbəri Ayan Turekulov, “Ortaq dəyərlər” Azərbaycanın İctimai Birliyinin sədri Aqil Camal, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova və Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin üzvü Hacıbəy Heydərli çıxış ediblər.

Tədbir zamanı
Tədbir zamanı

Çıxışçılar Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinin regionda vətəndaş cəmiyyətinin inkişafına, sosial layihələrin daha effektiv icrasına və ictimai təşəbbüslərin koordinasiyasına mühüm töhfə verəcəyini bildiriblər. Qeyd olunub ki, gənclərin fəallığının artırılması, sosial innovasiyaların təşviqi, icmaların inkişafı və könüllülük fəaliyyətinin genişləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri sırasında yer almalıdır.

Bədii hissə
Bədii hissə

Tədbir bədii-mədəni proqramla yekunlaşıb, forum isə işini Naxçıvanda davam etdirəcək. Burada TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Platformaya rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini birləşdirəcək.

Forum iştirakçıları 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna dəvət olunacaq və tədbir birgə bəyanatın qəbul edilməsi ilə başa çatacaq.

Qeyd edək ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və KKTC-dən 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Bu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbirdir.

Mission News Theme by Compete Themes.