Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Hazırda Azərbaycan cəmiyyətinin müzakirə etdiyi məsələ, müğənni tayfasından olan bir şəxsin Qazaxıstanda Azərbaycanı təmsil etməsi və erməni iştirakçıya 12 xal verməsidir. Mən şəxsən şou-biznesi izləmirəm, izləmək niyyətim də yoxdur. Bu, məni bu ümumiyyətlə maraqlandırmır.
Ancaq buradakı məsələ milli həssasiyyətə toxunduğu üçün münasibət bildirməyi özümə borc hesab etdim. Azərbaycanı təmsil edən həmin müğənni, erməni iştirakçını qucaqlamasını və ona 12 xal verməsini “dövlətimizin apardığı sülh siyasətinə dəstək” kimi əsaslandırıb.
Birincisi, bu müğənni nə dövlət adamıdır, nə də xalqımızın adından danışmağa haqqı var. İkincisi də ki, Azərbaycan və Ermənistan arasında hələ ki, sülh sazişi belə yoxdur. Bunun səbəbi də biz yox, elə Ermənistanın özüdür. Ermənistan hələlik üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.
Sülh məsələsinə gəldikdə isə Azərbaycanla Ermənistan arasında müharibəni başlayan tərəf ermənilər olub. Bizə hücum edən, ilk qanı axıdan, xalqımıza soyqırım yaşadan, torpaqlarımızı işğal edib 30 il işğalda saxlayan onlardır. Bizi öz dədə-baba yurdumuz olan İrəvandan, Göyçədən, Zəngəzurdan çıxaran onlardır. Xocalını törədən, övladlarımızı şəhid edən də onlardır.
İşğal altında olan torpaqlarımızı bizə heç vaxt öz istəkləri ilə verməyiblər. Biz bu torpaqları şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və dövlətimizin iradəsi ilə geri almışıq.
Buna baxmayaraq dövlət olaraq münasibətlərin normallaşması üçün təşəbbüsü biz göstərmişik. Ermənistanın blokadadan çıxması üçün yolların açılmasını biz təklif etmişik. Qarabağı tərk edən ermənilərə qarşı humanist davranan, onların təhlükəsizliyini təmin edən, hətta avtomobillərinin yanacağını pulsuz verən də biz olmuşuq.
Bu qədər fakt ortada ikən sülhü ilk növbədə erməni xalqı istəməlidir. Hətta bu qədər qanımıza qəltan etdiklərinə görə bizdən üzr istəməli, bağışlanma diləməlidirlər. Bundan sonra xalqımız qərar verməlidir ki, sülh olsun, ya olmasın.
Əlbəttə ki, dövlətimizin öz siyasəti var. Ermənistan istəsək də, istəməsək də qonşumuzdur və dövlətlərarası münasibətlər zamanla normallaşmalıdır. Ancaq bu işi dövlət aparmalıdır. Müharibədən çıxmış bir xalqın içində hələ də şəhid anaları, şəhid övladları, qazi ailələri varkən, erməniyə qucaq açmaq, ona jest etmək ən azı şəhidlərimizin ruhuna və onların ailələrinə hörmətsizlikdir.
Həmin müğənni isə etdiyi hərəkətdən peşman olmadığını bildirib və özünün qazi qızı olduğunu deyərək haqlı olduğunu sübut etməyə çalışır. Amma onun qazi qızı olması digər şəhid və qazilərimizə hörmətsizlik etməsinə bəhanə ola bilməz.
Əgər bir gün sülh olacaqsa, bunun üçün ilk növbədə erməni tərəfi düşünməli və uyğun addımlar atmalıdır. Yoxsa biz hər rast gəldiyimiz ermənini qucaqlamalı deyilik. Ayıbdır Vallah.
Sabirin dediyi kimi:
Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş.





