Press "Enter" to skip to content

Quşçuluq sektorunun dayanıqlı inkişafına həsr olunmuş panel müzakirə

Quşçuluq sektorunun dayanıqlı inkişafına həsr olunmuş panel müzakirə

BAYRAQDAR MEDİA – Biləsuvar rayonunda Aqrar Biznes Festivalı və quşçuluğun inkişafına yönəlmiş “Hind quşu” festivalı çərçivəsində “Quşçuluğun dayanıqlı inkişafı: yeni çağırışlar və imkanlar” mövzusunda panel müzakirə təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “panel müzakirənin açılışda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Rəsmilər çıxışlarında vurğulayıblar ki, panel quşçuluq sektorunda aktual məsələlərin müzakirəsi və bu sahənin inkişafına xidmət edən bilik və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Mərkəzində keçirilən müzakirədə Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Zarat Yem Fabriki və Aqrar Sığorta Fondunun mütəxəssisləri spiker qismində iştirak ediblər. Müzakirədə mütəxəssislər quşçuluq təsərrüfatlarında dayanıqlı istehsalın təmin edilməsi, məhsuldarlığın artırılması və risklərin azaldılması ilə bağlı aktual məsələləri şərh ediblər. Müzakirələr zamanı quşçuluqda düzgün yem norması və yemləmə standartlarının müəyyən edilməsinin məhsuldarlığa və xəstəliklərə davamlılığa göstərdiyi təsir, kəsim və emal proseslərində beynəlxalq tələblərə uyğunluğun vacibliyi, həmçinin qida təhlükəsizliyi baxımından mühüm olan gigiyena və sanitariya qaydaları barədə məlumatlar verilib”.

Daha sonra xəbərdə, “yoluxucu xəstəliklərin aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı ekspert mövqeləri təqdim edilib. Bununla yanaşı, heyvandarlıq sahəsinə tətbiq olunan sığorta mexanizmlərinin təsərrüfatların risklərdən qorunması və fermerlərin maliyyə dayanıqlığının təmin olunmasındakı rolu da müzakirə olunub. Sonda panel iştirakçıları fikir mübadiləsi apararaq sektorda mövcud problemlərin həlli və gələcək inkişaf imkanlarına dair təkliflər səsləndiriblər. Mütəxəssislər quşçuluq sahəsində elmi yanaşmaların tətbiqi, innovasiyaların təşviqi və əməkdaşlığın gücləndirilməsinin ölkədə quşçuluğun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar” deyə bildirilir.

Mission News Theme by Compete Themes.