BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşları “Müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında kompleks reabilitasiya və abilitasiya: Moskva sosial müəssisələrinin təcrübəsi” adlı beynəlxalq tədbirdə iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə Moskva şəhərinin bir sıra sosial müəssisələrinin nümayəndələri, reabilitasiya və korreksiya üzrə mütəxəssislər, mühəndis-ixtiraçılar, pedaqoqlar, eləcə də beynəlxalq nümayəndələr iştirak ediblər. Məqsəd serebral iflic və autizm spektr pozuntusu olan uşaqların reabilitasiya və abilitasiya proseslərində müasir texnologiyaların, yeni yanaşmaların və sosial müəssisələrin qabaqcıl təcrübələrinin mübadiləsini təmin etmək olub. “Naş Dom” Sosial Rifah Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə reabilitasiya və yardımçı avadanlıqların interaktiv sərgisi təşkil edilib. Ekspertlər tərəfindən müvafiq sahəyə dair qabaqcıl metodlar və innovativ texnologiyalar təqdim olunub”.
Tədbir açıq müzakirələr və sual-cavab sessiyaları ilə yekunlaşıb.





