BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Xocalının Təzəbinə kəndinə 16 ailə – 66 nəfər, Xanyurdu kəndinə isə 11 ailə – 38 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər”.





