Press "Enter" to skip to content

Məsuliyyət birbaşa Batının üzərinə düşür

Əli Orucov

Əli Orucov: Ukrayna təcrübəsi göstərdi ki, Batıya inanmaq, onun “ipi ilə quyuya düşmək” çox böyük səhv və xətadır

BAYRAQDAR MEDİA – “Hesab edirəm ki, Rusiyanın Ukraynaya hücumu ilə başlayan Rusiya-Ukrayna müharibəsi həm regional, həm də qlobal məkanda bir sıra məsələlərə aydınlıq gətirdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında siyasi şərhçi Əli Orucov deyib.

O, qeyd edib ki, bu müharibə, əvvəla, Rusiyanın bitib-tükənməyən ənənəvi işğalçılıq siyasətindən zorakılığa üstünlük verməsindən imtina etmədiyi, Batının isə öz maraqlarını daima öndə tutması və beynəlxalq hüququn işləməməsini ortaya çıxardı: “Ukrayna Birləşmiş Ştatların və batılı müttəfiqlərinin təhriki ilə belə deyək ki, Rusiya ilə baş-başa gəldi. Sonda isə Ukraynanın hansı itkilərə məruz qalması hər kəsə bəllidir. Təbii ki, burada məsuliyyət birbaşa Ukraynanı meydanda tək qoyan Batının üzərinə düşür”.

Ə.Orucovun sözlərin görə, məsələnin başqa bir acınacaqlı tərəfi isə budur ki, Batı indi də öz maraqlarını təmin etmək üçün Kiyevin başının üzərindən Moskva ilə əlverişli sövdələşməyə can atır: “Ukraynaya ən ağır şərtlər diqtə edilir. Ümumiyyətlə, Ukrayna təcrübəsi göstərdi ki, Batıya inanmaq, onun “ipi ilə quyuya düşmək” çox böyük səhv və xətadır”.

Bildirilib ki, bir zamanlar həmin ssenarini Azərbaycana qarşı da tətbiq etməyə çalışırdılar: “Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymağa cəhd göstərilirdi. Kreml fəal dəstəklədiyi Ermənistanın vasitəsi ilə Azərbaycanı boğmağa, marionet bir dövlət halına gətirmək məqsədi güdürdü. Doğrudur bu müqavimət Azərbaycana baha başa gəldi. 20 faiz torpaqları işğal edildi, 1 milyon insanı qaçqın və məcburi köçkün salındı. Şəhərlər kəndlər dağıdıldı. Ekosistemə ciddi şəkildə ziyan verildi. Ancaq Azərbaycan ağıllı və səbrli davranıb zamanını gözlədi. İqtisadiyyatını və silahlı qüvvələrini gücləndirdi. Milli həmrəyliyi və milli birliyi möhkəmləndirdi. İşğal dönəmində həmin Batı dairələri Azərbaycana da təslimçilik sülhlə razılaşmağa diqtə etmək istəyirdilər. Arqumentləri də bu idi ki, müharibə uduzulub, ona görə də məğlub tərəf kimi təqdim olunan həlli variantları ilə bağlı təklifləri qəbul etməlidir. Ancaq cənab Prezident İlham Əliyevin dediyi kimi heç vaxt işğalla barışılmadı və nəticəsi də dünyaya səs saldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandı”.

Mission News Theme by Compete Themes.