Press "Enter" to skip to content

Naxçıvanda nüvə və radioloji fəaliyyət sahəsində silsilə maarifləndirmə tədbirləri – VİDEO

Naxçıvanda nüvə və radioloji fəaliyyət sahəsində silsilə maarifləndirmə tədbirləri

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) səlahiyyətləri daxilində ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu çərçivədə, Agentliyin bir qrup əməkdaşı Naxçıvanda yerləşən bir sıra dövlət və özəl müəssisələrin əməkdaşları üçün maarifləndirmə tədbirləri keçirib. Belə ki, Naxçıvan FHN-in inzibati binasında dövlət və özəl tibb müəssisələrinin, Baş Gömrük İdarəsinin, habelə ərazidəki sənaye müəssisələrinin əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə radiasiya təhlükəsizliyinə dair müvafiq mövzuları əhatə edən təqdimatlar edilib, suallar cavablandırılıb. Agentliyin mütəxəssisləri, həmçinin Naxçıvan Baş Gömrük İdarəsinin Hava limanı, Culfa, Sədərək və Şahtaxtı Gömrük postlarında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” və Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxslərdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzində maarifləndirci tədbirlər keçiriblər”.

Daha sonra xəbərdə, “tədbirlərdə Agentliyin fəaliyyət istiqamətlərindən, radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmənin əhəmiyyətindən danışılıb, həmçinin sahibsiz radioaktiv mənbələrlə davranış sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda, nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr və onların aşkar edilməsi, sözügedən mənbələrlə davranış zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub. Qeyd olunan mövzularla bağlı Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb” deyə bildirilir.

Qeyd edək ki, Naxçıvanda nüvə və radioloji fəaliyyətin təhlükəsiz təşkilinə töhfə verəcək belə tədbirlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.