Press "Enter" to skip to content

Sovet bayrağı aşiqlərinə: Cürəti olan gəlsin!

Senan KAZIMOĞLU

Son yeniləmə: 29 Dekabr 2025

Sənan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Azərbaycan sosial şəbəkələrində dolaşarkən qarşıma bir xəbər çıxdı. Bakıda bəzi adamlar Sovet bayraqları ilə yürüş ediblərmiş. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan bu adamların evlərinə baxış zamanı kommunist ideologiyasını təbliğ edən çoxlu material aşkar edilib. Məlum olub ki, bu qrup vaxtaşırı bu istiqamətdə toplantılar da keçirirmiş.

Azərbaycanda hələ də belə zehniyyətli insanların olması ağılalmazdır. Bu adamlar hansı məntiqlə bu hərəkəti edirlər görəsən? Axı biz rusların Azərbaycan xalqının başına gətirdiyi faciələri yaxşı bilirik.

Çarlıq dövrünü bir kənara qoysaq, Sovetlərin Azərbaycanda törətdiyi qanlı əməllər, 1920-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin işğal edilməsi, bu işğalda vətən övladlarının şəhid olması, insanların kütləvi şəkildə qətlə yetirilməsi, torpaqlarımızın parçalanması, bir qisminin qonşu dövlətlərə paylanması, Zəngəzurun ermənilərə verilməsi, Naxçıvanın da verilməsi istiqamətində edilən cəhdlər, o cümlədən Qarabağda ermənilərin xeyrinə muxtar vilayətin yaradılıb gələcək üçün saatlı bomba kimi hazırlanması və digər hadisələr hamımıza məlumdur.

Bundan sonra Sovet hökumətinin Azərbaycanda həyata keçirdiyi qanunsuz əməllər — kəndlərdən və qəsəbələrdən insanların kütləvi şəkildə zorla köç etdirilməsi, Azərbaycanda aparılan demoqrafik dəyişikliklər, eləcə də rus işğalı ilə başlayıb 1937–1938-ci illərdə zirvə həddinə çatan repressiyalar… Həmin illərdə on minlərlə ziyalımız məhv edildi. Bunların hamısı ağır bir cinayət tarixidir.

İkinci Dünya Müharibəsində Azərbaycan türklərinin almanların ön cəbhəsinə atılması, kütləvi şəkildə qırılması, Azərbaycanın yeraltı sərvətlərinin, xüsusilə də neftinin və digər zənginliklərinin talan edilməsi, bundan sonra isə Azərbaycan türklərinə təşəkkür etmək əvəzinə xalqın daha da sıxışdırılması həmin siyasətin davamı idi.

Bunlardan əlavə, daha əvvəldən başlayıb 1948–1953-cü illərdə zirvə həddinə çatan və 1980-ci illərin sonuna qədər davam edən Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın — özü də dədə-baba yurdlarından — mərhələli şəkildə sürgün edilməsi, qovulması, Ermənistan dövlətinin ərazisinin genişləndirilməsi, daha sonra Əfqanıstan müharibəsində Azərbaycan türklərindən istifadə edilməsi, onlara qarşı zorakılıqlar, repressiyalar, Çernobıl faciəsində müxtəlif millətlərin, o cümlədən Azərbaycan türklərinin təhlükəli zonalarda işlədilməsi — bütün bunlar da həmin zəncirin tərkib hissələridir.

Qarabağ məsələsində ermənilərə açıq dəstək verilməsi, Qarabağın faktiki olaraq Ermənistanın nəzarətinə ötürülməsi, Ermənistanın hərtərəfli müdafiə olunması, buna qarşı ayağa qalxan xalqın isə 20 Yanvar qətliamı ilə susdurulması, Xocalı soyqırımının törədilməsi və bu soyqırımın Sovet–Rusiya hərbi bazalarının iştirakı ilə həyata keçirilməsi — bunlar Sovetlərin bizə “mirasi”dir.

Bəzən mövzuyla əlaqəli olaraq rast gəldiyimiz adamlar deyirlər ki, “Sovet dövründə yaxşı yaşayırdıq, indi daha pisdir”. Lakin bu “yaxşı yaşamaq” deyilən anlayışın da bir bədəli vardı — qan bahası. Geri dönüb tarixə baxanda, itirən tərəfin Azərbaycan olduğu açıq görünür. Bu qədər “yaxşı yaşamaq” nəyin bahasına başa gəldi?

Sovet hökuməti Azərbaycana qan və göz yaşından, torpaq itkilərindən başqa nə verdi? “Yaxşı yaşayırdıq” deyənlərə bir misal: insan öz həyətindəki inəyin südündən və ətindən faydalanırsa, əlbəttə ki, onun yemini kəsməz, xəstələnsə müalicə edər. Amma südü bitəndə və ya lazım olmayanda kəsib yeyər. Sovetlərin Azərbaycan siyasəti də eyni məntiqə əsaslanırdı. Bu, klassik müstəmləkə siyasətidir və Azərbaycan üzərində tətbiq olunmuşdu. Biz bu siyasətin ağrısını və acısını bu gün də yaşayırıq.

Ancaq bütün bunlara baxmayaraq, hələ də Sovetləri dəstəkləyənlərin olması sadəcə təəssüf doğurur. Görəsən, bu adamların qidalandığı ideologiya haradan qaynaqlanır? Bunun səbəbi araşdırılmalıdır; çünki bu insanlar özbaşına meydana çıxmırlar. Bu qədər fəaliyyətin və təşkilatlanmanın təsadüfi olması mümkün deyil. Onsuz da xəbərdə deyildiyi kimi, bu addımın başqa ölkələrin dəstəyi ilə edildiyi bildirilir.

Bu qədər faciədən sonra çıxıb onlara dəstək vermək cahillik deyilsə, xəyanətdir. Sovet tərəfdarlarının nəzərində biz Azərbaycan türklərinin bir fərdi olaraq bir daha əsla nə Sovet, nə də buna bənzər müstəmləkə rejimlərinin ölkəmizi işğal etməsinə icazə verməyəcəyik. Cürəti olan gəlsin.

Mission News Theme by Compete Themes.