BAYRAQDAR MEDİA – Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9 min 270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Abşeron RPİ-nin Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb. Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb”.
Faktlarla bağlı X.Rüstəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.





