Press "Enter" to skip to content

İraq Türkmən Cəbhəsindən etiraz

Kərkük

İraq Türkmən Cəbhəsi İraq bayrağına qarşı edilən hücumu dövlətin nüfuzuna, onun rəmzlərinə və nəticə etibarilə xalqın iradəsinə qarşı hücum kimi qiymətləndirir

BAYRAQDAR MEDİA – “İraq Türkmən Cəbhəsi KƏrkükdə baş verən İraq bayrağının yandırılması hadisəsini ən sərt ifadələrlə qınayır və bu olayı ölkənin birliyini hədəfə alan, son dövrdə şəhərdə ard-arda yaşanan sistematik hücumlar zəncirinin bir hissəsi kimi qiymətləndirir”.

Türkmeneli TV xəbər verir ki, bu fikirlər ITC-nin bəyanatında öz əksini tapıb.

Bəyanatda həmçinin deyilir: “Son seçkilər ərəfəsində Kərkükün müxtəlif bölgələrində İraq Türkmən Cəbhəsinin sədri və Birləşik İraq Türkmənləri Cəbhəsi Siyahısının lideri Mehmet Seman Ağanın posterləri yandırılmışdı. Bu hadisələr ITC-nin, onun rəmzlərinin və milli səviyyədəki mövcudluğunun nüfuzdan salınmasını hədəfləyən təşkilatlanmış kampaniyanın tərkib hissəsi olmuşdur. Bu hadisələrin ardınca şəhərdə biri türkmən gənc olmaqla iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücum, həmçinin İraq Türkmən Cəbhəsinin namizədlərindən birinin seçki bürosuna edilən hücum zamanı iki polisin şəhid olması kimi son dərəcə ciddi səviyyədə digər hücumlar da baş vermişdir. Bütün bu hadisələr Kərkükdə gənclərimizi hədəf alan hücumların davam etməsinə imkan verən qeyri-kafi təhlükəsizlik tədbirlərinin mövcud olduğu dövrə təsadüf etmişdir”.

Bəyanatda qeyd edilir ki, seçki gecəsi baş verən poster yandırılması hadisəsinə görə dörd şəxs saxlanılaraq Azadi polis mərkəzinə aparılıb: “Lakin həmin şəxslər işlə bağlı heç bir konkret addım atılmadan girov qarşılığında sərbəst buraxılmışdır. İraq Türkmən Cəbhəsinin əlindəki məlumatlar göstərir ki, bu gün İraq bayrağını yandıran qrup, daha əvvəl posterləri yandıran şəxslərlə eyni şəxslərdən ibarətdir. Bu isə bu kimi əməllərə qarşı davamlı şəkildə göstərilən güzəşti bir daha nümayiş etdirir. İraq Türkmən Cəbhəsi xatırladır ki, Mehmet Seman Ağa posterlərin yandırılmasından sonra həmin posterlərin İraq bayrağı ilə əvəz edilməsi barədə tapşırıq vermişdi. Bu tapşırıq ITC-nin İraqın birliyinə və Kərkükün milli kimliyinə bağlılığının göstəricisi olmaqla yanaşı, şəhərdə müxtəlif tərəflər arasında fitnəyə səbəb ola biləcək hər cür təxribatın qarşısının alınması səylərini əks etdirir”.

İraq Türkmən Cəbhəsinə görə, Kərkükdə yaşananlar şəhərdəki təhlükəsizlik və inzibati idarəetmə sahəsində açıq şəkildə bir boşluğun olduğunu göstərir: “Bu hadisələrin davam etməsi, başda Kərkük Polis Komandanı olmaqla, “Ər-Rəşid Oteli valisi” kimi tanınan təhlükəsizlik komissiyasının rəhbərinin və digər bəzi təhlükəsizlik qurumlarının lazımi nəzarəti həyata keçirə bilməməsindən qaynaqlanır. Bundan əlavə, “Ər-Rəşid Oteli hökuməti” adlandırılan siyasətlər də Kərkükdəki balansın pozulmasına səbəb olmuşdur. İraq Türkmən Cəbhəsi İraq bayrağına qarşı edilən hücumu dövlətin nüfuzuna, onun rəmzlərinə və nəticə etibarilə xalqın iradəsinə qarşı hücum kimi qiymətləndirir. Bu kimi hadisələrə federal dövlət qurumları və əlaqədar təhlükəsizlik orqanları tərəfindən qəti və təxirəsalınmaz şəkildə müdaxilə edilməsinin vacibliyini bildirir. İraq Türkmən Cəbhəsi milli məsuliyyətin tələbi olaraq bu kimi əməllərin təkrarının qarşısını alacaq çəkindirici tədbirlərin görülməsini, Kərkükdə təhlükəsizliyin bərpasını və ictimai asayişi pozaraq şəhərdə fitnə toxumları səpməyə çalışan çevrələrin nəzarətə götürülməsini tələb edir”.

Mission News Theme by Compete Themes.