Press "Enter" to skip to content

“MÜSİAD Azərbaycan” heyəti TÜRKPA mərkəzi qərargahında

Görüş zamanı

BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan İctimai Birliyi və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) arasında görüş keçirilib. Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və Türk Dövlətləri Parlament Assambleyasının yeni Baş katibi səfir Ramil Həsən iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, “Rəşad Cabirli görüş zamanı R.Həsəni mühüm vəzifəyə seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. R.Cabirli MÜSİAD Azərbaycanın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və 2026-cı ildə Qarabağda təşkil edilməsi planlaşdırılan Türk Dünyası Biznes Forumu haqqında ətraflı məlumat verib. O, MÜSİAD-ın TDT-yə üzv bütün ölkələrdə filiallara sahib olmasının bu istiqamətdə real nəticələrin əldə olunmasına mühüm töhfə verdiyini vurğulayıb”.

Məlumata görə, səfir Ramil Həsən, öz növbəsində, TÜRKPA-nın dörd daimi komissiyasının üzv dövlətlər arasında parlament əməkdaşlığının təşviq olunmasında əsas institusional mexanizm kimi strateji rol oynadığını qeyd edib: “O, həmçinin MÜSİAD-ın təşəbbüslərini yüksək qiymətləndirərək, Türk İnvestisiya Fondunun ortaq iqtisadi layihələri dəstəkləyən aparıcı regional maliyyə aləti kimi artan əhəmiyyətini vurğulayıb və Assambleya ilə Fond arasında mövcud sıx və səmərəli əməkdaşlıqdan danışıb”.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, TÜRKPA Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərini birləşdirən mühüm beynəlxalq qurumdur və Türk dövlətləri arasında qanunvericilik əməkdaşlığının, institusional inteqrasiyanın və ortaq təşəbbüslərin gücləndirilməsi missiyasını daşıyır.

Müzakirələr zamanı tərəflər biznes assosiasiyaları ilə TÜRKPA-ya üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə praktiki əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
Bu görüş türk dünyasında parlamentarizm, iqtisadi əməkdaşlıq və institusional tərəfdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilib.

Mission News Theme by Compete Themes.