Tahsin Ertuğruloğlu: Göstərilən hərtərəfli dəstəyə görə öz adımdan və xalqımız adından cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm
BAYRAQDAR MEDİA – “Ana Vətən Türkiyənin və qardaş Azərbaycanın Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) göstərdiyi dəstək doğrudan da misilsizdir. Türkiyə uzun illərdir bizim ən çətin zamanlarımızda yanımızda dayanıb və bu gün də eyni qətiyyətlə dəstəyini davam etdirir”.
Bunu KKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib. Müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.
Nazir “son illərdə isə, xüsusilə cənab Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində KKTC-nin türk dünyası ilə inteqrasiyası daha da sürətlənir və dərinləşir. Bu siyasət təkcə türk dünyası üçün deyil, bütün dünya üçün nümunə təşkil edir” deyə bildirib.
Nazirin sözlərinə görə, KKTC-nin İslam dünyası ilə əlaqələri də genişlənir, qarşılıqlı əməkdaşlıq yeni səviyyəyə yüksəlir: “Biz bir xalqıq, bir millətik və bu proseslərin hər birində Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin qətiyyətli dəstəyini hiss edirik. Göstərilən hərtərəfli dəstəyə görə öz adımdan və xalqımız adından cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, Ana vətən Türkiyə ilə qardaş Azərbaycanın davamlı dəstəyi KKTC-nin Türk Dövlətləri Təşkilatında daha möhkəm yer almasına və yeni mərhələyə keçidinə imkan yaradacaq. Bütün bunların fonunda bir daha qeyd etmək istəyirəm ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətini çox parlaq və güclü bir gələcək gözləyir”.





