Tahsin Ertuğruloğlu: Bu siyasət şəxslərə və partiyalara bağlı deyil və dəyişdirilməsi də mümkün deyil
BAYRAQDAR MEDİA – “Onlar sadəcə bu həqiqəti qəbul etmək istəmirlər. Əslində, gerçəklik göz önündədir. Rum tərəfinin nə istədiyi bəllidir və bu mövqedən geri addım atmayacaqları da bəllidir. Sadəcə, bəzi çevrələr bu reallığı qəbul etmək istəmirlər”.
Bunu KKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib. Müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.
KKTC-dəki bəzi qüvvələrin rum tərəfinin antitürk siyasətini görməzdən gəlməsinə dair sualı cavablandıran nazir deyib ki, bu onların problemidir – istər qəbul etsinlər, istərsə də etməsinlər: “KKTC-nin dövlətçilik siyasəti dəyişməzdir. Bu siyasət şəxslərə və partiyalara bağlı deyil və dəyişdirilməsi də mümkün deyil. Ana Vətən Türkiyənin də bu siyasətdə hər zaman yanımızda olduğu dəfələrlə bəyan olunub. Prezident Recep Tayyip Erdoğan son seçkilərdən sonra bunu bir daha açıq şəkildə vurğuladı. Əlavə olaraq qeyd edim ki, biz bu cür xəyali ssenariləri daha əvvəl də yaşamışıq – Mehmet Ali Talat və Mustafa Akıncı dövrlərində. Ümid edirəm ki, bu sonuncusu olacaq. Heç kimin Kıbrıs türk xalqını real olmayan xəyallarla zaman itkisinə məruz qoymağa haqqı yoxdur. Çox sadə bir həqiqət var: müharibəyə hazır olmadığınız zaman arzuladığınız sülhü əldə edə bilməzsiniz. Xarici siyasətdə möhkəm və prinsipial mövqe nümayiş etdirdiyiniz halda sizə hörmət göstərilir və istədiyiniz sülhü əldə edə bilirsiniz. Bunun başqa yolu yoxdur”.





