“OPEC plus”un 40-cı iclasında maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi qəbul edilib
BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov onlayn formatda keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasında iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, iclasda gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib: “İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. OPEC Katibliyi tərəfindən hazırlanmış və Əməkdaşlıq Bəyannaməsi ölkələrində 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. Həmçinin OPEC Katibliyinə 2019-cu il 2 iyul tarixində imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün plan hazırlamaq və bu planı növbəti nazirlər görüşündə təqdim etmək tapşırılıb”.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 41-ci iclasının 2026-cı ilin 7 iyun tarixində keçirilməsi razılaşdırılıb.





