Asım Vehbi: Konfrans ali təhsildə keyfiyyət, akkreditasiya, rəqəmsallaşma, davamlı təhsil modelləri və innovativ pedaqoji yanaşmalar sahəsində çalışan alimlərə öz tədqiqatlarını təqdim etmək imkanı yaradıb
BAYRAQDAR MEDİA – Noyabrın 27-28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsildə keyfiyyət üzrə beynəlxalq konfrans (ICQH)” və “Beynəlxalq müəllim hazırlığı konfransı (ITEC)” keçirilib. Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Türkiyənin Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərləri, millət vəkilləri, diplomatik korpusların nümayəndələri, Azərbaycan və digər ölkələrdən olan alim və tədqiqatçılar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, bu gün ali təhsildə keyfiyyətin yüksəldilməsi qlobal müzakirələrin əsas mövzularından biridir.
Türkiyənin Çankaya Universitetinin rektoru prof. Hadi Hakan Maraş və Sakarya Universitetinin rektoru prof. Hamza Al, YÖKAK-ın sədri prof. Ümit Kocabıçak, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov və digər elm adamları çıxış ediblər.
Konfransa, həmçinin Kuzey Kıbrısın Arkın Yaratıcı Sanatlar ve Tasarım Üniversitenin (Arkın Yaradıcılıq Sənətləri və Dizayn Universiteti) rektoru Prof.Dr. Asım Vehbi konfransda əsas məruzəçi qismində çıxış edib. Arkın Yaratıcı Sanatlar ve Tasarım Üniversitenin (ARUCAD) rektoru “İncəsənət və dizayn universitetləri üçün qlobal akkreditasiya yol xəritəsi” adlı təqdimatında yaradıcılıq sahələrində təhsil verən ali təhsil müəssisələrinin beynəlxalq akkreditasiya proseslərində izləməli olduqları strateji addımlara toxunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Prof. Dr. Asım Vehbi özü məlumat verib.
Bildirilib ki, çıxışda, sənət və dizayn yönümlü universitetlərin qlobal rəqabət qabiliyyəti əldə etməsi üçün keyfiyyət təminatı, akademik standartlar, proqram dizaynı, tələbə nəticələri və beynəlxalq əməkdaşlıqların həlledici rol oynadığını vurğulanıb.
Çıxışında Prof. Dr. A.Vehbi həmçinin ARUCAD-ın son illərdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sazişləri, tələbə və akademik mübadilə proqramları, çoxtərəfli mədəni layihələr və keyfiyyət təminatı mexanizmlərini misal göstərərək yaradıcılıq yönümlü universitetlərin qlobal görünürlüğünü artıracaq model təkliflərini də paylaşıb.
Rektor deyib ki, konfrans ali təhsildə keyfiyyət, akkreditasiya, rəqəmsallaşma, davamlı təhsil modelləri və innovativ pedaqoji yanaşmalar sahəsində çalışan alimlərə öz tədqiqatlarını təqdim etmək imkanı yaradıb.
Qeyd edək ki, konfrans çərçivəsində Bakıda bir sıra görüşlər də keçirən rektor BAYRAQDAR MEDİA-ya özəl müsahibə də verib.
Müsahibəni yaxın günlərdə oxuculara təqdim edəcəyik.









