BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Bursa şəhərində Azərbaycanın Qarabağ Zəfərinin 5-ci ildönümü münasibəti ilə xüsusi proqram təşkil olunub. Bursa Azərbaycan İnnovasiya və Dayanışma Dərnəyi (BAİDD), həmçinin Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Topluluğunun birgə həyata keçirdiyi tədbir həm duyğusal, həm də mədəni məzmunu ilə iştirakçıların böyük rəğbətini qazanıb.
Xəbər BAYRAQDAR MEDİA-ya BAİDD-ən verilib.
Bildirilir ki, Bursalı şagirdlərin Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda hazırladıqları rəsm sərgisi nümayişindən sonra proqram aparıcının açılış nitqi və ardınca bir dəqiqəlik sükutla Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Protokolun təqdimatından sonra söz alan BAİDD sədri xanım Lətifə Nağdalıyeva, Qarabağ Zəfərinin qazanılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin həlledici rol oynadığını vurğulayıb.
Lətifə xanım çıxışında, həmçinin şəhidlərin şücaəti və qazilərin fədakarlığı sayəsində əldə edilən bu Zəfərin əhəmiyyətini qeyd edərək onların əziz xatirəsi qarşısında dərin hörmətlə baş əydiklərini bildirib.
Daha sonra çıxış edən Murad Böyükxanov bir Topluluq sədri kimi Qarabağ Zəfərinin gənclər üçün bir qürur və milli kimlik mənbəyi olduğunu vurğulayəb və Türkiyə-Azərbaycan gənclərinin ortaq tarix və mədəni irsi yaşatma məsuliyyətinə diqqət çəkib.
Topluluğun məsləhətçi müəllimi, Nilüfer Bələdiyyə Məclisinin sədri Dos. Dr. Mustafa Berkay Aydın, zəfərin yalnız hərbi qələbə deyil, eyni zamanda strateji, tarixi və mədəni bir nailiyyət olduğunu qeyd edib.
Protokol çıxışlarında isə AK Parti il başqanının müavini, AK Parti xarici əlaqələr üzrə başqanı, qardaş Qırğızıstanın Bursadakı fəxri konsulu Bilal Tutuş, Böyükşəhər bələdiyyə başqan vəkili, məclis üzvü Hande Apaydın və Azərbaycan Mədəniyyət Dərnəyinin başqanı Handan Askeren Ton Türkiyə–Azərbaycan qardaşlığının sarsılmaz bağlardan güc aldığını, “iki dövlət – bir millət” anlayışının daima möhkəmləndiyini bildiriblər.
Proqram çərçivəsində şair, yazıçı, 22-ci dönəm Bursa millət vəkili, Parlamentlər Birliyi Bursa şöbəsinin başqanı Faruk Anbarcıoğlunun rəhbərliyi ilə “1 şəhid – 1 hekayə – 1 şeir” layihəsi təqdim olunub və beş yazıçının çıxışları dinlənilib. İştirakçılar şəhidlərə həsr olunmuş hekayə və şeirlərlə duyğulu anlar yaşadıblar.
Tədbir çərçivəsində Qarabağın tarixi və strateji əhəmiyyətindən bəhs edən təqdimatlar, sinevizyon nümayişi və musiqi çıxışları da olub. Azərbaycan Mədəniyyət və İncəsənət Topluluğu tələbələrinin hazırladığı teatr səhnələri, milli rəqs nümayişi iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb. Sonda Azərbaycanın gözəl bəstələri səsləndirilib.

Tədbirin sonunda proqramın hazırlanması və icrasında əməyi keçən iştirakçılar BAİDD tərəfindən plaket və sertifikatlarla təltif olunub. Tədbir protokol üzvləri və iştirakçıların ailə fotosu çəkilişi ilə başa çatıb. Qatılanlar proqram boyunca Qarabağ Zəfərinin əhəmiyyətini bir daha dərinliklə hiss etmək imkanı qazanıblar.





