Press "Enter" to skip to content

Cəbrayılın Horovlu kənd tam orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb

Cəbrayılın Horovlu kənd tam orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb

BAYRAQDAR MEDİA – Dekabrın 1-də Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, sözügedən Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən F.Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının Azərbaycanda təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb”.

Ardınca xəbərdə, “tədbirdə məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, məktəbdə yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib. Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər. Tədbir bədii hissə ilə davam edib. Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar” deyə bildirilir.

Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.

Mission News Theme by Compete Themes.