Press "Enter" to skip to content

KKTC üçün sağlamlıq turizmi sahəsində daha bir imkan

Dos.Dr. Yeşim Üstün

Dos.Dr. Yeşim Üstün: SATKOF vasitəsilə Kuzey Kıbrısın sağlamlıq turizmi ilə bağlı imkanlarını türk dünyasına çatdırmağa çalışacayıq

BAYRAQDAR MEDİA – Bu bir həqiqətdir ki, türk dünyasının Doğu Akdenizə açılan qapısı olan Kuzey Kıbrıs dünyada gözəl turizm xidmətlərinə malik ölkələrdən biridir. Lakin uzun illərdir Batının Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) haqsız yanaşması bu sahədə də müəyyən geriləmələrə səbəb olur. Bununla belə, KKTC-də həm dövlət qurumları, həm də digər sahələrin təmsilçiləri turizm imkanlarının daha geniş məkanda dünyaya çatdırılması üçün davamlı addımlar atır. Belə addımlardan biri də 20-22 noyabr tarixlərində Türkiyənin İzmir şəhərində atılıb. Bəhs edilən tarixdə 1-ci Beynəlxalq Sağlamlıq Turizmi Körpüləri – Türkiyədə Sağlamlıq Diplomatiyası və İnnovasiya Zirvəsi keçirilib. Zirvə KKTC turizmi üçün əlamətdar qərarın qəbulu ilə yadda qalıb. Belə ki, KKTC-nin Yakın Doğu Üniversiteti Meslek Yüksekokulu Saç Bakımı ve Güzellik Hizmetleri Bölümünü (Yaxın Doğu Unversiteti Peşə Məktəbi Saç Baxımı və Gözəllik Xidmətləri Bölümü) müdiri, Dos.Dr. Yeşim Üstün Sağlamlıq Turizmi Federasiyasının (SATKOF) KKTC təmsilçisi seçilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya məlumat verən Dos.Dr. Yeşim Üstün zirvə çərçivəsində “Sağlamlıq Turizmində Gözəllik Salonlarının Xidmət Strategiyaları” mövzusunda təqdimat keçirildiyini də bildirib.

Tədbirə dəvət üçün SATKOF-un prezidenti Prof.Dr. Aysun Baya və dəyərli hocası Prof.Dr. Mehmet Rüştü Karamana təşəkkürünü bildirən Dos.Dr. Y.Üstün, tədbirin təşkilində əməyi keçən bütün həmkarlarına və dəstək göstərən hər kəsə minnətdarlığını ifadə edib.

Ona göstərilən etimada görər qürur duyduğunu qeyd edən Dos.Dr. Y.Üstün “Vətənimiz üçün xeyirli olsun. Birlikdə elmə, yeniliyə və sağlamlıq turizminin gələcəyinə işıq tutmağa davam edəcəyik” deyib.

O, həmçinin bu qərarın KKTC-nin sağlamlıq turizmi imkanları barədə türk dünyasına daha dolğun məlumat çatdırılması üçün növbəti mühüm addım olduğunu vurğulayıb: “Təbii ki, bu etimad həm də üzərimizə böyük vəzifələr qoyur. Biz də etimadı doğrultmağa, həmçinin, SATKOF vasitəsilə Kuzey Kıbrısın sağlamlıq turizmi ilə bağlı imkanlarını türk dünyasına çatdırmağa çalışacayıq”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Xatırladaq ki, 2024-cü il yanvarın 1-də təsis edilən Federasiyanın əsas məqsədi beynəlxalq sağlamlıq turizmi səlahiyyət sertifikatına malik olan sağlamlıq turizmi tərəfdaşlarını vahid çatı altında toplamaq, Türkiyənin dünya sağlamlıq turizmi sektorunda layiq olduğu mövqeyə sürətli və davamlı şəkildə yüksəlməsinə xidmət etməkdir. Federasiya, beynəlxalq sağlamlıq turizmi yetki sənədinə malik sağlamlıq turizmi müəssisələri və vasitəçi qurumları bir araya gətirməyi, sağlamlıq məqsədilə Türkiyəyə səfər edən şəxslərlə sağlamlıq xidmətləri təminatçılarını əlaqələndirməyi, üzvlərinin xaricdəki səhiyyə qurumları və peşəkarları ilə işbirliyini gücləndirməyi, xaricdə fəaliyyət göstərən sağlamlıq turizmi qurumlarına Türkiyənin səlahiyyətli sağlamlıq müəssisələrini tanıtmağı məqsəd qoyur. Eyni zamanda bu sahədə ölkədaxili və beynəlxalq tanıtım tədbirləri təşkil edir, sağlamlıq turizmi ilə bağlı qanunvericiliyin inkişafı üçün tövsiyələr və təkliflər hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edir və sektorun inkişafına töhfə verir. Federasiya Termal Sağlıq Turizmi, Medikal Turizm, Yaşlılar (Geriatrik) Turizmi, Əlillər üçün Turizm və Diş Sağlamlığı (Dental Turizm) sahələrində həm milli, həm də beynəlxalq əməkdaşlıqlar qurur.

Yeri gəlmişkən, ötən həftə Azərbaycanda səfərdə olan Dos.Dr. Yeşim Üstün BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Müsahibəni yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Mission News Theme by Compete Themes.