CTP yeni genel başqanını seçdi
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində ana müxalifət partiyası Cumhuriyetçi Türk Partisinin (CTP) 30-cu fövqəladə qurultayı keçirilib.
Bu barədə kibrispostası.com saytı məlumat yayıb.
Məlumata görə, qurultay Lefkoşa Atatürk İdman Salonunda olub: “Genel başqanlıq uğrunda yarışda Gazimağusa millət vəkilləri Asım Akansoy və Erkut Şahali, həmçinin Lefkoşa millət vəkili Sıla Usar İncirli iştirak ediblər. Səsvermənin nəticələrinə əsasən səslərin 52 faizini qazanan Sıla Usar İncirli CTP-nin yeni genel başqanı seçilib. Saat 20:00-dək davam edən səsvermədə ümumilikdə 2 min 441 nəfər iştirak edib”.
Xatrladaq ki, bundan öncə CTP-nin genel başqanı Tufan Erhurman idi. O, son cümhurbaşqanlığı seçimində ölkə rəhbəri seçildiyi üçün partiya rəhbərliyindən ayrılıb.
Yeni genel başqan Sıla Usar İncirli nəticələr elan olunduqdan sonra səhnəyə çıxaraq deyib: “Burada minlərlə ürək döyündü, minlərlə CTP-li bizimlə oldu. Çox sayda media nümayəndəsi də prosesləri yaxından izləyirdi. Cəmiyyətimizin böyük bir qismi qurultayı diqqətlə təqib etdi. Marağınıza, dəstəyinizə görə hər birinizə təşəkkür edirəm. Həqiqətən çox gözəl bir gün idi. Bütün ölkəyə nümunə olacaq dərəcədə yetkin, demokratik bir bayram yaşandı. CTP məhz belə bir ömrə, ruha, ənənəyə sahibdir. CTP-li olmaqdan, sizlərlə birlikdə olmaqdan həyatımın ən qürurlu günlərini yaşayıram.”





