Press "Enter" to skip to content

Bəzən bir çiçək gözləmək…

Gözəl

BAYRAQDAR MEDİA – Bir-iki dəfə istisna olmaqla, heç çiçək almamışam kimsədən. Özəl günlərdə də təqdim edilməyib — istəməmişəm. Qaldı ki, adi günlərdə…

Düşünmüşəm ki, çiçək yerində gözəldir: torpağın nəfəsində, günəşin işığında, öz ahəngində. Bəlkə bu, özümə qoyduğum sərhəddir… bəlkə də içimə pıçıldadığım bir təsəlli…

Həmişə özümü inandırmağa çalışmışam ki, çiçəklər yalnız onları qoxulaya bilməyənlər üçün qırılmalıdır: xəstələr üçün… və bir də bizdən ayrılanlar üçün…

Həyatım boyu məzar üstə çox çiçək düzmüşəm. Niyəsə buz kimi məzar çiçəklə daha doğma görünür, daha isti olur sanki… Sanki həyatın əl uzatdığı son yer oradır. Və içimdə eyni suallarla:

Oradakının canı qızınırmı?!
Qəlbi yumşalırmı?!
Üzü gülürmü?!
Gözləri parlayırmı?!
“Mənim üçün bu gözəlliyə qıyan daha nələr etməz ki?” deyib ruhu rahatlanırmı?!

Bilmirəm. Bəlkə də cavabını bilmək mənə düşmür. Amma bir həqiqəti zamanla başa düşmüşəm: mən illərlə qəlbimi sevindirəcək, üzümü güldürəcək, gözlərimi parladacaq fədakarlıqlara fədakarcasına mane olmuşam.

Fədakarlığa qarşı durmaq — insanın özünə etdiyi səssiz zülmdür.

Sanki içimdə gizli bir narahatlıq olub — kiminsə mənim üçün gözəl bir şey etməsinə, nəyisə qoparıb mənə verməsinə, həyatıma bir rəng qatmasına inanmaqdan çəkindirmiş bir narahatlıq. Nəyinsə mənə aid ola biləcəyinə, mənə göndəriləcəyinə, mənim üçün ediləcəyinə inanmağı özümə çox görmüşəm. Heç çiçək almamağın ağrıtmadığına özümü illərlə inandırmışam.

Amma indi anlayıram: çiçəklər onları solduranlar üçün açırmış…

Onları qiymətləndirənlərə deyil, əlində tutub unutmağa meylli olanlara daha çox hədiyyə edilirmiş. Çünki çiçək də bilir — seçilmək üçün bəzən qoparılmalıdır. Mən isə seçilməkdən ehtiyat etmişəm bəlkə də.

Hər gün içimdə dolaşan sual var. Qovuram, getmir. Susdururam, susmur: Çiçək almaq üçün çoxmu dözəcəyəm?! Yoxsa ömrüm boyu çiçəklərin açdığı tərəfə baxmaqla kifayətlənəcəyəm?

Bəlkə bir gün — tələbsiz, səbəbsiz, izahsız — bir çiçək gələcək. Nəyinsə əvəzində yox… Mən olduğum üçün. Mən qaldığım üçün.

Bəlkə də heç gəlməyəcək.

Ancaq bir şeyi bilirəm: bir gün kiminsə əli çiçəyə uzanacaqsa, o çiçəyin qoparılmasına dəyəcək biri olduğuma əvvəlcə özüm inanmalıyam.

Bəzən bir çiçək gözləmək — bütün ömrü gözləmək kimidir…

Mission News Theme by Compete Themes.