Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubiley konfransı keçirilib
BAYRAQDAR MEDİA – Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında Naxçıvan Dövlət Texniki Kollecinin inkişaf yolu” adlı konfrans təşkil olunub.
Bu barədə verilən məlumatda deyilir: “Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, dövlət və hökumət rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri və kollecin kollektivi iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Texniki Kollecinin bir əsrlik inkişaf yoluna həsr olunmuş sərgiyə baxıblar. Konfransın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib”.
Məlumata görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin bütün regionları kimi Naxçıvanın da inkişafını daim diqqət mərkəzində saxlayır və muxtar respublikanın sosial-iqtisadi potensialının gücləndirilməsi üçün ardıcıl addımlar atılır: “Dövlət başçısının Naxçıvana göstərdiyi qayğı, digər sahələrlə yanaşı təhsil və insan kapitalının inkişafına yönəlmiş layihələrin daha sürətlə həyata keçirilməsinə şərait yaradır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” insan kapitalının gücləndirilməsini əsas strateji hədəf kimi müəyyənləşdirir. Bu çərçivədə peşə təhsilinin rolunun artırılması, müasir ixtisasların tətbiqi və istehsalat mühitinə uyğunlaşdırılmış təlim bazasının yaradılması vacibdir. Naxçıvan Dövlət Texniki Kolleci də bu missiyanın önündə gedərək, real ehtiyaclara uyğun, peşəkar mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisəsi olaraq fəaliyyətini daha da təkmilləşdirməlidir. Yüz illik təcrübəni yenilikçi yanaşmalarla sintez etmək kollecin gələcək nəsillər üçün də güvənilən kadr ocağı olaraq qalmasına şərait yaradır”.
Samir Seyidəhmədli 2024-2025-ci tədris ilində kolleci bitirən 142 məzundan 60-nın ali məktəblərə qəbul olunmasını tədrisin keyfiyyətinin artmasının bariz nümunəsi kimi dəyərləndirərək vurğulayıb ki, kollec 100 illik təcrübəsinə söykənərək tədris prosesinə müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların təşviqi və yaradıcı təlim mühitinin formalaşdırılması istiqamətində də mühüm addımlar atmalıdır.
Səlahiyyətli nümayəndənin müavini kollecin yüzillik ənənələrinin davamçılarına – tələbələrə tövsiyələrini verib, təhsil ocağının 100 illik yubileyi münasibətilə bütün kollektivi təbrik edib, hər kəsə yeni uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov və kollecin fəxri məzunu İsmayıl Ağalarov çıxış edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamına əsasən, muxtar respublikada orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə təltif edilən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanova və kollecin müəllimi Səadət Qasımovaya “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, bir qrup əməkdaşa isə “Rəşadətli əməyə görə” nişanları təqdim olunub. Həmçinin kollecə muxtar respublikada orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə və 100 illik yubiley münasibətilə Ali Məclisin fəxri fərmanı təqdim edilib. Tədbirdə digər bir qrup əməkdaşa universitetin fəxri fərman və təşəkkürnəmələri, eləcə də İsmayıl Ağalarova kollecin fəxri məzunu diplomu təqdim edilib.
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev kollecə hədiyyə təqdim edib.





