Aqil Camal: Bununla bağlı qərarı Türk Dövlətləri Təşkilatı növbəti toplantısında verə bilər
BAYRAQDAR MEDİA – “Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiya bu gün yüksək səviyyədə davam edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət qurumları, müxtəlif sahələr üzrə nazirliklər və cəmiyyət həyatının ən geniş istiqamətləri üzrə əməkdaşlıq mexanizmləri müvəffəqiyyətlə fəaliyyət göstərir. Bu tendensiyanın vətəndaş cəmiyyəti sferasına ötürülməsi artıq zamanın tələbidir”.
Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal deyib.
O qeyd edib ki, dövlət başçıları tərəfindən həyata keçirilən bu yüksəksəviyyəli siyasət artıq vətəndaş cəmiyyətləri müstəvisində də davam etdirilməlidir: “Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətləri də türk dövlətlərinin birliyi, yaxınlaşması və inteqrasiyasına öz profillərinə uyğun sahələrdə töhfə verməlidir. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan həmişə türk dünyası ilə bağlı həm təşəbbüskar rolda olub, həm təşəbbüslərə ev sahibliyi edib. 100 il əvvəl Bakıda keçirilmi Birinci Türkoloji Qurultay, 2009-cu ildə Naxçıvanda Türk Şurasının elan olunması, Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu buna misaldır. Hazırda, praktiki əməkdaşlığı inkişaf etdirmək üçün konkret məsələlər var, Ekologiya, mədəniyyət və digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması üçün münbit şərait yaranıb”.
A.Camalı deyb ki, xüsusilə Xəzəryanı dövlətlər üçün bu gün ən ciddi çağırışlardan biri Xəzər dənizinin dayazlaşmasıdır: “Bu baxımdan Qazaxıstan, Türkmənistan və Azərbaycan QHT-lərinin bu məsələləri birgə araşdırması, birgə hesabatlar hazırlaması nümunəvi əməkdaşlıq modeli ola bilər”.
“Bizim qənaətimiz budur ki, 100 illik tarixi olan türk birliyi ideyasını bu gün yeni mərhələyə daşımaq üçün vətəndaş cəmiyyətləri daha fəal rol almalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də andiçmə mərasimində türk dünyası ilə inteqrasiyanın ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu bəyan edərək vurğulayıb ki, bizim bir ailəmiz var – bu, türk dünyasıdır. Bu çağırış vətəndaş cəmiyyətlərimiz üçün də geniş imkanlar açır, bu istiqamətdə əməkdaşlığa bir növ “yaşıl işıq” yandırır. Bu tarixi fürsətdən maksimum yararlanmaq, ortaq dəyərlərimiz və məsuliyyətimiz naminə birlikdə çalışmaq zamanıdır”, – deyə QHT sədri vurğulayıb.
A.Camal həmçinin, əlavə edib ki, türk ölkələri QHT-lərinin Həmrəylik Gününün təsis edilməsi olduqca vacibdir: “Mən Bakıda keçirilən Forumda da bu barədə təklif səsləndirdim. Bilirsiniz ki, noyabrın 24-də Bakıda Həmrəylik Forumu keçirildi, noyabrın 25-də isə Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Əməkdaşlıq Platforması yaradıldı. Hesab edirəm ki, bu iki tarixdən biri QHT-lərin Həmrəylik Günü kimi qeyd olunmalıdır. Bununla bağlı, qərarı Türk Dövlətləri Təşkilatı növbəti toplantısında verə bilər. Bunun üçün yeni yaradılmış Platformanın katibliyi təklifi hazırlamalı və TDT katibliyinə təqdim etməlidir”.








