BAYRAQDAR MEDİA – 4–5 dekabr 2025-ci il tarixlərində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “ETN ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr edilir. İki gün davam edəcək konfrans çərçivəsində Bakı, Naxçıvan və Ordubad şəhərlərində dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə geniş tematik panel sessiyaları, elmi diskussiyalar, mühazirələr, eləcə də akademikin həyat və fəaliyyətini əks etdirən mədəni proqramlar təşkil olunacaq”.
Daha sonra xəbərdə, “konfransın birinci günündə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçiriləcək. Konfransın ikinci günündə Naxçıvanda akademikin abidəsinə, həmçinin Y.Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulur” deyə bildirilir.





