Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub
BAYRAQDAR MEDİA – Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 54-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.
TədbirAzərbaycan və BƏƏ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirliklərinin inkişaf yolundan, dayanıqlı tərəqqiyə əsaslanan strateji potensialından bəhs edib: “Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü ildönümünü “Birləşmiş” şüarı altında qeyd etmək münasibətilə sizi salamlayır və bu gün bizi şərəfləndirdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Bu, BƏƏ Prezidenti, Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın 2025-ci ilin Cəmiyyət İli olacağını elan etməsi ilə üst-üstə düşür. Bu şüar cəmiyyətimizin birliyini və onun bütün təbəqələrinin həmrəyliyini təcəssüm etdirir, həmçinin dövlətimizin yaranışından etibarən əsaslandığı əməkdaşlıq və birgə fəaliyyət dəyərlərini ifadə edir. Məhz bu gün, 2 dekabr 1971-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin yaranması rəsmi şəkildə elan edilmiş və Birlik bayrağı uca zirvədə qaldırılmışdır”.

Səfir çıxışında Azərbaycanla yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, son illərdə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi artıb, investisiya, enerji, aviasiya və turizm sahələrində əməkdaşlıq genişlənib.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, “bu gün Birləşmiş Ərəb Əmirlikləri sürətlə inkişaf edən uğurlu dövlətlərdən biridir. Əlbəttə ki, qazanılan uğurlar və davamlı inkişaf bizi çox sevindirir” deyib.
Nazir iki ölkə arasındakı dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

M.Cabbarov, BƏƏ Prezidentinin sentyabr ayında Qarabağa tarixi səfərinin iki ölkə arasında həmrəyliyin və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu bildirib. O, ticarət, investisiya, energetika və rəqəmsal iqtisadiyyat sahələrində imzalanmış sənədlərin əməkdaşlığı daha da gücləndirdiyini, bərpaolunan enerji və şəhərsalma layihələrində BƏƏ şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə İnvestisiya Fondu ölkələr arasında yeni əməkdaşlıq imkanları açıb.
Sonra Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafına töhfə verən şəxslər mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.





