Press "Enter" to skip to content

İki ölkə arasında əməkdaşlıq uğurla davam edir

Mikayıl Cabbarov

Mikayıl Cabbarov: BƏƏ ilə ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq

BAYRAQDAR MEDİA – “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında bütün sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlıq uğurla davam edir və hər iki ölkə bu münasibətləri inkişaf etdirmək niyyətindədir”.

Bunu Bakıda BƏƏ-nin milli bayramı ilə bağlı keçirilən tədbirdəkı çıxışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2025-ci ilin sentyabrında Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qarabağa tarixi səfəri iki ölkə arasında dostluğu, həmrəyliyi və strateji tərəfdaşlığı əyani şəkildə nümayiş etdirdi: “Səfər zamanı əməkdaşlığımızı yeni mərhələyə qaldıran bir sıra mühüm sənədlər imzalanıb, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edən sənədə çevrilib”.

Mikayıl Cabbarov deyib ki, iki ölkə arasında investisiya sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: “1 milyard ABŞ dolları maliyyə imkanlarına malik Birgə İnvestisiya Fondu bu baxımdan əsas alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra investisiya layihələri üzrə danışıqlar aparılır. Bu ilin sentyabrında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu zamanı “Modon Holding” ilə şəhərsalma üzrə 5 milyard dollarlıq investisiya layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Neft və qaz sektorunda tərəfdaşlığımız SOCAR və ADNOC arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf etməkdə davam edir. Eyni zamanda, yeni layihələrə əməkdaşlığa marağın artdığını müşahidə edirik. BƏƏ-dən olan şirkətlər Azərbaycanda bərpaolunan enerji layihələrində strateji tərəfdaş və əsas investor kimi çıxış edirlər. Ölkəmizdə istifadəyə verilən ilk Günəş elektrik stansiyasının tikintisi məhz Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib. Neftçala, Biləsuvar və Qaradağda günəş və külək enerji layihələri üzrə “Masdar” şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerji hədəflərinə nail olmasına əhəmiyyətli töhfə verir. Digər tərəfdən, ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq. Bu yeni institusional mexanizm biznes icmalarımız arasında əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmağa kömək edəcək”.

Mission News Theme by Compete Themes.