Press "Enter" to skip to content

İkitərəfli münasibətlər əhəmiyyətli inkişaf mərhələsi keçib

İki ölkənin bayraqları

Məhəmməd Əl Bluşi: BƏƏ ilə Azərbaycan arasında ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları təşkil edib

BAYRAQDAR MEDİA – “Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər 1992-ci ildə qurulduğu gündən bəri əhəmiyyətli inkişaf mərhələsi keçib. Bu, iki dost ölkənin rəhbərləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin nəticəsidir. Hər iki ölkə arasında çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib”.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.

Səfir bildirib ki, xüsusilə, BƏƏ-nin Prezidenti, Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın sentyabrın 16-da Azərbaycana etdiyi rəsmi səfər xüsusi əhəmiyyət kəsb edir: “Həmin vaxt müxtəlif sahələr üzrə 14 saziş və Anlaşma Memorandumu imzalanıb ki, bunların ən önəmlisi Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə əməkdaşlıq haqqında Sazişdir. Bu saziş çərçivəsində ilk iclas noyabrın 27-də Əbu-Dabidə keçirilib. Sənəd BƏƏ-Azərbaycan əlaqələrində mühüm bir mərhələ hesab olunur və hər iki ölkənin gələcək inkişaf tələblərinə cavab verən, bilik və innovasiyaya əsaslanan çevik bir iqtisadiyyat qurmaq istiqamətində ortaq arzularını əks etdirir”.

Səfir onu da bildirib ki, Prezident İlham Əliyevin iyul ayında Əbu-Dabiyə rəsmi səfəri iki dost ölkə arasında birgə yeni əməkdaşlıq sahələri açıb. “Təxminən 68 saziş və anlaşma memorandumunun imzalanması, iri investorlara enerji, davamlılıq və süni intellekt kimi müxtəlif vacib sahələrdə investisiyaların mübadiləsi üçün imkanlar açıb. 2024-cü ildə iki ölkə arasındakı ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları təşkil edib. BƏƏ-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə və ümumi maraqların əldə edilməsinə əsaslanan möhkəm dostluğu əks etdirir”.

Qeyd olunub ki, bütün bunlar BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrinin daha parlaq gələcəyini əks etdirir.

Mission News Theme by Compete Themes.