BAYRAQDAR MEDİA – Naxçıvan şəhərində rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə 2-ci Azərbaycan – TürkiyəRegional İqtisadi Forumu keçirilib.Tədbirin açılış mərasimindən öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Bu barədə KOBİA-dan məlumat verilib.
Məlumatda deyilir: “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK),Türkiyə Palatalar və Birjalar Birliyinin, Qars Ticarət və Sənaye Palatasının, “Cahan Holding” və “Marsol Group”un dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars, İğdır,Ardahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə və ticarət palatalarının təmsilçiləri, eləcə də 200-dən çox iş adamı qatılıb. Forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə Türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir”.
Məlumatda deyilir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb: “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın vitse-prezidenti,Azərbaycan-Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov çıxış ediblər. Çıxışlarda iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı, iki ölkənin iş adamları arasında əməkdaşlıq, biznes və investisiya qoyuluşu üçün imkanlar barədə fikirlərini bölüşüblər”.
Tədbirdə həmçinin, Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan, Ardahan valisi Hayrettin Çiçek, Türkiyə Palatalar və Birjalar Birliyinin İdarə Heyətinin üzvü və Ərzurum Ticarət və Sənaye Palatasının sədri Saim Özakalın, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və Qarsın Bələdiyyə sədri Ötüken Senger də çıxış edib. Natiqlər bölgədə iqtisadi əməkdaşlığın önəmini və sərhədyanı biznes imkanlarını vurğulayıb, təmsil etdikləri vilayətlərin Azərbaycan, xüsusilə də Naxçıvan ilə əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu və ortaq layihələrin regionun davamlı iqtisadi inkişafına töhfə verəcəyini qeyd ediblər.
Forum çərçivəsində Naxçıvanın investisiya, ticarət və logistika imkanları barədə təqdimat nümayiş etdirilib, iki ölkənin iş adamları arasında “B2B” görüşlər keçirilib.





