Press "Enter" to skip to content

…Mənim üçün bu sahə sadəcə bir missiyadır

Nigar İbrahim iştirak etdiyi çoxsaylı tədbirlərdən birində

Nigar İbrahim: Harada ki Azərbaycan–Türkiyə birliyi güclənir, orada üçüncü tərəflərin aktivliyi artır.

BAYRAQDAR MEDİA – Əslində onu ayrıca təqdim etməyə ehtiyac yoxdur. Çox fəaldır. Qətiyyətli və milli mövqeyi ilə seçilir. Həm Azərbaycan, həm də qardaş Türkiyənin media payında daim göz önündədir. Paylaşımları, çıxışları, yazıları bir qayda olaraq məntiqə və ağla söykənir, milli maraqlara xidmət edir. Elə məhz bu mövqeyi də onu daim hədəfə gətirir, üzərinə kütləvi hücumlar təşkil edilir. Hələ gözəl, uğurlu bir xanım olması da əlavə diqqətə səbəb olur, kimlərdəsə qıcıq yaradır…

Müsahibimiz Türkiyədə yaşayan Azərbaycanlı jurnalist Nigar İbrahimdir. Ali təhsilini Bakıda alıb. Azərbaycan (Xarici) Dillər Universitetini bitirib, amma öz sahəsi üzrə deyil, media sahəsində işləyir. Tale məsələsidir hər halda. Türkiyədə yaşayır, Global Gazeteciler Konseyinin üzvü, xarici media analitiki və türk dünyası üzrə yetərincə tanınan peşəkar bir şərhçidir.

Nigar xanım peşə fəaliyyətini əsasən Azərbaycan-Türkiyə münasibətləri, türk dünyasının daha sıx birləşməsi, Güney Qafqaz və keçmiş sovet məkanındakı geosiyasi proseslər, həmçinin bütövlükdə bölgənin qlobal informasiya müstəvisində obyektiv təmsil istiqamətində qurub.

Özüm də onu həvəslə izləyirəm

Yeri gəlmişkən, şəxsən özüm Nigar xanımı çox yaxından və təqdirlə izləyirəm. Həqiqətən də Azərbaycan, Türkiyə və ümumiyyətlə türk dünyasının maraqları baxımından diqqətçəkən təhlillər, çıxışlar, paylaşımlar edir. Elə bunu nəzərə alaraq söhbətimizə onu hərəkətləndirən amal haqqında sualla başlayırıq.

Müsahibimiz deyir ki, “məni hərəkətə gətirən amal, əslində çox sadədir: türk dünyası haqqında bizim yerimizə başqaları danışmasın, biz öz sözümüzü özümüz deyək”.

Doğrudan da, müqəddəs yer boş olmur axı. Elə Nigar xanım da bu gerçəyi yaxşı bildiyi üçün “öz sözümüzü özümüz deyək”, yəni o müqəddəs informasiya müstəvisini özümüz dolduraq deyir.

Azərbaycan və Türkiyə ortaq mirasın daşıyıcılarıdır

“Azərbaycan və Türkiyə bir millətin iki dövləti olaraq böyük tarixi, mədəni və strateji mirasın birgə daşıyıcılarıdır. Bu gücün beynəlxalq informasiya mühitində doğru və obyektiv şəkildə təqdim olunması mənim üçün həm peşə məsuliyyəti, həm də şəxsi borcdur”, – deyir Nigar xanım.

O, söhbət əsnasında vurğulayır ki, “jurnalistikanı seçməyimin əsas səbəblərindən biri də budur desəm, yerində olar. Əslində həmişə xəbərin subyekti olmaq deyil, xəbəri yaratmaq; hadisələri kənardan seyr etmək deyil, proseslərin mərkəzində dayanmaq məni cəlb edib. Mənim üçün bu sahə sadəcə bir peşə yox, missiyadır. Türk dünyasının öz həqiqətlərinin dünyaya düzgün çatdırılması üçün bir informasiya körpüsü olmaq missiyası desək, yerinə düşər”.

Azərbaycan və Türkiyə arasında arzuolunmaz mübahisələr…

Biz həmişə Azərbaycan və Türkiyəni bərabər şəkildə özümüzün sanmışıq, ona uyğun davranmışıq. Bununla belə, bəzən bu iki ölkənin insanları arasında hətta arzuolunmaz mübahisələr yaranır. Bəs bizim müsahibimiz bunu necə izah edərdi? Görəsən belə bir durum təbiidir, yoxsa bunu körükləndirən üçüncü tərəflər var?

Nigar xanımı dinləyək: “Reallıq budur ki, bu cür mübahisələrin böyük hissəsi təbii deyil. Harada ki Azərbaycan–Türkiyə birliyi güclənir, orada üçüncü tərəflərin aktivliyi artır. Son illərdə baş verən proseslər göstərir ki, iki dost və qardaş ölkə arasında narazılıq görüntüsü yaratmaq üçün məqsədli şəkildə informasiya manipulyasiyası edilir”.

Düz deyir və əlavə edir: “Bunu sübut edən bəzi örnəklər də var. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr zamanı “Azərbaycan–Türkiyə arasında gərginlik var” kimi süni məzmunların tirajlanması, Türk Dövlətləri Təşkilatının güclənməsi fonunda bəzi xarici mərkəzlərin inteqrasiyanı zəiflətmək üçün planlı şəkildə yaydığı təxribatçı məlumatlar və son zamanlarda çox qarşılaşdığımız Yaxın Şərqdə baş verən müharibələr üzərindən iki ölkə arasında narazılıq toxumu səpməyə yönəlmiş saxta xəbər kampaniyaları…”

“Bu kampaniyaların zamanlaması, yayılma sürəti və mənbələri göstərir ki, Azərbaycan və Türkiyə arasında real problem olmadığı halda, problem görüntüsü yaratmaq istəyən qüvvələr var. Çünki bir həqiqət dəyişmir: biz ayrıldıqca kimlərsə qazanır, biz birləşdikcə həmin qüvvələr uduzur”, – deyir Nigar İbrahim.

Türkiyədə radikal qruplar Azərbaycana qarşı narahatlıqlar yaradır…

Müsahibimiz qeyd edir ki, “Azərbaycan mediasında da zaman-zaman Türkiyədə Azərbaycana qarşı müəyyən radikal qrupların yaratdığı narahatlıqlar barədə məqalələr və analizlər dərc olunub. Bu qruplar say baxımından azlıq təşkil etsə də, onların yaratdığı təxribat cəhdləri ölkəmizdə ciddi müzakirə mövzusu olub. Bu fakt bir daha göstərir ki, Azərbaycan belə məsələləri diqqətlə izləyir və ciddiyə alır”.

Nigar xanım iki ölkə arasında informasiya məsələləri üzrə əlaqələrin artmasını da ayrıca vurğulayır: “Son dövrlərdə isə hər iki ölkənin rəsmi qurumları — xüsusilə kommunikasiya və informasiya siyasəti ilə məşğul olan strukturlar — bu kimi dezinformasiya kampaniyalarına qarşı ortaq açıqlamalar yaymağa, informativ maarifləndirmə aparmağa və koordinasiyalı şəkildə fəaliyyət göstərməyə başlayıblar. Bu həm qarşılıqlı etimadın möhkəmləndirilməsi, həm də informasiya təhlükəsizliyinin qorunması baxımından son dərəcə önəmlidir. Mən də xüsusi olaraq bunun altını cızıram: Azərbaycan və Türkiyə arasında informasiya sahəsində bu cür koordinasiyalı əməkdaşlıq həm strateji əhəmiyyət daşıyır, həm də iki ölkənin qlobal informasiya mübarizəsində birlikdə daha güclü mövqe sərgilədiyini göstərir”.

Hər zaman tənqidə açığam…

Növbəti sualımız Nigar xanımın qardaş Türkiyədə bəzən həddən artıq tənqid, hətta təhqir edilməsi ilə bağlıdır. Bunun təsadüf, yoxsa kimlərinsə təşkil etdiyi kampaniya olma ehtimalı ilə maraqlanırıq. Cavab maraqlıdır əlbəttə.

“Tənqid peşənin ayrılmaz hissəsidir və mən buna hər zaman açığam. Amma təhqir, koordinasiyalı hücum və trol kampaniyası fərqli mahiyyət daşıyır, bunu da təsadüfi saymaq mümkün deyil. Müşahidələrim və mütəxəssislərin təhlilləri açıq şəkildə göstərir ki, eyni anda yüzlərlə yeni açılmış hesabın eyni mətnlərlə hücuma keçməsi, Azərbaycan–Türkiyə münasibətlərini gücləndirən paylaşımlarım zamanı hücumların birdən-birə çoxalması və trol şəbəkələrinin mühüm hissəsinin Azərbaycan və Türkiyə xaricindən idarə olunması bunun təsadüfi olmadığının sübutudur”, – deyir müsahibimiz.

Nigar İbrahim daim fəaldır, ona görə də hədəfdədir
Nigar İbrahim daim fəaldır, ona görə də hədəfdədir

Azərbaycan reallığını doğru şəkildə çatdırmaq borcumdur…

O, eyni zamanda belə hücumların səbəblərinin də yetərincə aydın olduğuna diqqət çəkir: “Son dövrdə Yaxın Şərqdə yaşanan müharibə ilə bağlı manipulyasiyalara qarşı çıxmağım, Azərbaycanın milli dəyərlərinə — SOCAR-a, dövlət başçımıza və dövlətçiliyimizə yönələn çirkin kampaniyalara münasibət bildirməyim, habelə Azərbaycanın multikultural kimliyini və çoxşaxəli, balanslı xarici siyasətini müdafiə etməyim bəzi radikal qrupların narahatlığını artırıb. Azərbaycanla İsrail arasında illərdir davam edən dostluq və strateji əməkdaşlıq münasibətlərinin mövcudluğu bir gerçəklikdir və bunu danmaq olmaz. Azərbaycan çoxşaxəli, həm də balanslı xarici siyasət yürüdür, bir jurnalist olaraq bu reallığı ictimaiyyətə doğru şəkildə çatdırmaq da mənim borcumdur. Lakin məhz bu həqiqətləri açıq şəkildə ifadə etməyim məlumatı az olan insanların və radikal qrupların şəxsimə qarşı hücumlarına bəhanə olur”.

Nigar İbrahim davam edərək deyir ki, “Azərbaycanın xarici siyasəti yalnız yaxın qonşularla deyil, coğrafi olaraq uzaqda yerləşən, lakin strateji əhəmiyyət daşıyan ölkələrlə də sabit və praqmatik əməkdaşlıq xəttinə əsaslanır. Bundan əlavə, türk dünyası ilə bağlı araşdırmalarım, tədbirlərim və beynəlxalq platformalarda türk birliyi ilə bağlı vurğularım da müəyyən dairələrin narahatlığını daha da artırıb”.

Hədəf müdafiə etdiyim ideyalar və daşıdığım mövqedir…

O, daha sonra davam edir: “Bu faktlar göstərir ki, belə təzyiqlər, əslində Azərbaycanın xarici siyasətini hədəf alan qüvvələrin imzasını daşıyır. Eyni qüvvələr həm prezidentimizə, həm də dövlətimizə qarşı bənzər dəst-xətt ilə qaralama kampaniyası təşkil edənlərdir. Hədəf, əslində mən deyiləm. Hədəf müdafiə etdiyim ideyalar və daşıdığım mövqedir. Və mən inanıram ki: hücum varsa, demək ki, biz doğru istiqamətdə irəliləyirik”.

Türk dünyasında informasiya birliyi hələ tam təsis olunmayıb…

Nigar xanımın illərə dayanan təcrübəsini, peşəkarlığını nəzərə alaraq belə bir sual da ünvanlayırıq: Azərbaycan və Türkiyə, həmçinin digər türk dövlətlərinin mediası arasında daha yaxın əlaqələr qurmaq üçün hansı addımlara gərək var?

Təbiidir ki, təcrübəsinə və peşəkarlığına, məsələyə dərindən bələd olmağına əsaslanaraq cavab verir: “Uzun illərdir qeyd edirəm: türk dünyasında siyasi birlik formalaşıb, iqtisadi əməkdaşlıq genişlənir, lakin informasiya birliyi hələ tam təsis olunmayıb. Bu boşluğu doldurmaq üçün bir sıra mühüm addımlar mümkündür. Örnək üçün, türk dünyası ortaq xəbər agentliyi qurmaq olar. TDT çərçivəsində belə bir işlək xəbər agentliyinin qurulması ortaq informasiya axınını təmin edər və türk dövlətləri arasında kommunikasiya dilini eyniləşdirər. Yaxud da jurnalist mübadilə proqramları işimizi xeyli irəli apara bilər. Ankara–Bakı–Astana–Daşkənd–Bişkek istiqamətində növbəli təcrübə və təlim proqramları media əməkdaşlığını institusional səviyyədə gücləndirər. Daha bir istiqamət ortaq TV layihələri və sənədli filmlərlə bağlı ola bilər. Enerji, geosiyasət, tarix, mədəniyyət və təhlükəsizlik mövzularında birgə istehsal xalqlar arasında həm maarifləndirici, həm də birləşdirici rol oynayar”.

Müsahibimizin maraqlı təklifləri bununla bitmir təbii. O, davam edərək deyir: “Anti–dezinformasiya koalisiyası da daha bir mühüm istiqamətdir. Həm də ən önəmli məqamdır. Saxta xəbərlərə, trol şəbəkələrinə və manipulyasiya mərkəzlərinə qarşı ortaq müdafiə xətti günümüzün informasiya müharibəsində həyati əhəmiyyət daşıyır. Eyni zamanda Türk Dünyası Media Akademiyası quraraq gənc jurnalistlər üçün ortaq tədris platforması yaratsaq gələcəyin informasiya liderlərinin yetişdirilməsinə zəmin hazırlaya bilərik”.

Türklər informasiya mühitində birləşib qlobal gücə çevrilməlidir…

“Birliyin gücü yalnız siyasətdə və iqtisadiyyatda deyil; informasiya meydanında birlikdə qazanılan qələbələrlə də ölçülür. Türk dövlətləri informasiya sahəsində birləşdikcə qlobal mediada da daha güclü mövqeyə sahib ola biləcəklər”, – deyir Nigar İbrahim…

Jurnalist təcrübəmdə çox müsahiblərim olub. Gizlətmirəm, bəzən müsahiblərdən sözü maqqaşla çəkib çıxarmağa çalışmışam. Düzdür, bir çox müsahiblərim yetərincə peşəkar olub, söhbətimiz də əla alınıb. Amma heç də bütün müsahiblərim belə olmayıb, etiraf edirəm. Nigar xanımın müsahibəsi isə mənim üçün əlavə zövq mənbəyi oldu. Özünü, sözünü bilən şəxsləri danışdırmaq, onların danışdıqlarını oxuculara mümkün qədər tez ötürmək də insana zövq verir. Hələ danışdırdığınız adam peşəkarlığın zirvəsindədirsə, işiniz daha da asan olur. Bu baxımdan Nigar İbrahim, söhbətləşib oxucularımıza təqdim etdiyimiz növbəti uğurlu tapıntı oldu bizim üçün…

Mission News Theme by Compete Themes.