Press "Enter" to skip to content

Şəkiyə mediatur təşkil olunub

Mediaturdan xatirə fotosu

BAYRAQDAR MEDİA – Dekabrın 2-3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri reallaşıb. Səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Verilən məlumata görə, öncə Şəkinin Öyrət kəndi ərazisində yerləşən “BioGarden” eko-aqro turizm təsərrüfatı ilə tanışlıq olub. Jurnalistlərə məlumat verilib ki, səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı var. Həmçinin, bağda arıçılıq təsərrüfatı da mövcuddur.

Mediatur zamanı jurnalistlər “Azəripək” ASC-də də olub, Şəkidə sənətkarlarla görüşüb, məşhur Şəki halvasının hazırlanması prosesini izləyiblər.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri, eyni zamanda Xan sarayı barədə ətraflı məlumat verilib. Bildirilib ki, DTA tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün cari bərpa və yenidənqurma işləri görülür. Bu işlərin davamı kimi, hazırda Dairəvi Məbəddə bərpa işləri həyata keçirilir.

Mediatur çərçivəsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində də olublar.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.

Mission News Theme by Compete Themes.