Press "Enter" to skip to content

Sosial layihələrə böyük önəm verilir

Dos.Dr. Yeşim Üstün (solda) deyir ki, mənəvi dəstək və sevgi ən güclü dərmandır

Dos.Dr. Yeşim Üstün: Yalnız tələbələrin akademik və peşə bacarıqlarını inkişaf etdirmir, eyni zamanda sosial məsuliyyət sahəsində nümunəvi fəaliyyət göstərərək cəmiyyətə dəyər qatırıq

BAYRAQDAR MEDİA – “Yakın Doğu Üniversiteti Meslek Yüksekokulu Saç Bakımı ve Güzellik Hizmetleri Bölümünü (Yaxın Doğu Unversiteti Peşə Məktəbi Saç Baxımı və Gözəllik Xidmətləri Bölümü) fəaliyyətini yalnız təhsil və elmi tədqiqatlarla məhdudlaşdırmayaraq, sosial məsuliyyət sahəsində də fəal layihələr həyata keçirir. Bölümün sosial məsuliyyət təşəbbüsləri, tələbələrin peşə bacarıqlarını cəmiyyətin inkişafına yönəltməklə, həm sosial fayda yaradır, həm də tələbələrin praktik təcrübəsini zənginləşdirir”.

Bölümün tələbələri sosial aksiyalarda fəal iştirka edirlər
Bölümün tələbələri sosial aksiyalarda fəal iştirka edirlər

Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində Bölümün müdiri, Dos.Dr. Yeşim Üstün deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi Bölüm, yalnız tələbələrin akademik və peşə bacarıqlarını inkişaf etdirmir, eyni zamanda sosial məsuliyyət sahəsində nümunəvi fəaliyyət göstərərək cəmiyyətə dəyər qatır: “Bu layihələr tələbələrə praktiki təcrübə qazandırmaqla yanaşı, gözəllik və sağlamlıq sahəsindəki bilikləri cəmiyyətə çatdırır və sosial faydanı ön plana çıxarır. Yəni, Bölüm tərəfindən cəmiyyətin müxtəlif aztəminatlı təbəqələri üçün saç və dəri baxımı, şəxsi gigiyena və sağlam həyat tərzi mövzusunda maarifləndirici seminarlar və təlimlər təşkil edilir. Xüsusi olaraq gənclər, qadınlar və həssas qruplar üçün gözəllik və özünəinamı artırıcı fəaliyyətlər həyata keçiririk. Həmçinin, vurğuladığım kimi sosial layihələrə üstünlük veririk. Bu kontekstdə Bölüm tələbələri ilə birlikdə əlillər evləri, uşaq evləri və sosial sığınacaqlarda saç baxımı və gözəllik xidmətləri təqdim olunur. Bir sözlə, tələbələrin iştirakı ilə könüllü fəaliyyətlər vasitəsilə sosial ehtiyacı olan qruplara birbaşa dəstək göstərir və cəmiyyətin rifahına töhfə veririk”.

Bu istiqamətdə atılan addımların davamlı olduğunu bildirən Dos.Dr. Yeşim Üstün, həmçinin “Əmək və Sosial Müdafiə Nazirliyi ilə birgə təşkil olunan tədbirdə, Lefkoşa “Lefkoşa 18 Yaş Üstü Engelsiz Yaşam Evi”nin sakinləri ilə görüşdük. Onlara saç baxımı və gözəllik tətbiqləri ilə həm əyləncəli, həm də özünəinamlarını dəstəkləyən bir gün yaşatdıq. Bu insanların hər biri ilə vaxt keçirmək, gülümsəmələrinə toxunmaq və özlərini yaxşı hiss etmələrinə kömək etmək bizim üçün böyük sevinc oldu. Bu mənalı təşəbbüsün həyata keçirilməsində əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm” deyə əlavə edib.

Bundan başqa, Yakın Doğu Üniversiteti Meslek Yüksekokulu Saç Bakımı ve Güzellik Hizmetleri Bölümü və Kuzey Kıbrıs Xərçəng Xəstələrinə Yardım Dərnəyinin birgə əməkdaşlığı çərçivəsində “Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayı” münasibətilə mənalı bir maarifləndirmə tədbiri keçirilib. Tədbirdə tələbələr xərçənglə mübarizə aparan qadınlara mənəvi dəstək göstərmək məqsədilə saç, əl, ayaq, dırnaq və dəri baxımı həyata keçiriblər.

Tələbələr xərçənglə mübarizə aparan qadınlara mənəvi dəstək göstərmək məqsədilə saç, əl, ayaq, dırnaq və dəri baxımı həyata keçiriblər.
Tələbələr xərçənglə mübarizə aparan qadınlara mənəvi dəstək göstərmək məqsədilə saç, əl, ayaq, dırnaq və dəri baxımı həyata keçiriblər.

Dos.Dr. Yeşim Üstün deyib ki, tədbir zamanı xərçəng müalicəsi alan qadınlar mənəvi rahatlıq əldə ediblər, tələbələr isə bu mövzuda daha da həssaslaşıblar:“Onu da deyim ki, biz yalnız maarifləndirmə ayında deyil, hər zaman xərçənglə mübarizə aparan insanların yanındayıq, onlarla eyni yolda irəliləyirik. Çünki bilirik ki, mənəvi dəstək və sevgi ən güclü dərmandır.”

Mission News Theme by Compete Themes.