Press "Enter" to skip to content

Vergilərin 73 faizindən çoxu qeyri-neft-qaz sektorunun payına düşüb

BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar – noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 faiz artıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya DVX-dən məlumat verilib.

Məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 faiz icra edilib: “Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 899,0 milyon manat və ya 8,7 faiz artıb. Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb”.

Məlumatda deyilir ki, 2025-ci ilin yanvar – noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib: “Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz artaraq 3 milyard 832,2 milyon manat olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 203,0 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 faiz artıb və 155,0 milyon manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1 milyard 6,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artıb və 713,7 milyon manat təşkil edib”.

Mission News Theme by Compete Themes.