Press "Enter" to skip to content

Rektorun Azərbaycana səfəri məhsuldar və yaddaqalan olub

Bakı tədbirindən xatirə fotosu

Son yeniləmə: 4 Dekabr 2025

ARUKAD-ın Azərbaycan universitetləri ilə əlaqələri genişlənir

BAYRAQDAR MEDİA– Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) arasında əlaqələrin inkişafı təhsil sektoruna da müsbət təsir göstərir. İki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələr hər keçən gün yeni mərhələyə qədəm qoyur. Bu sırada Arkın Yaratıcı Sanatlar ve Tasarım Üniversiteti (ARUCAD) də var.

Universitetin rektoru Prof.Dr. Asım Vehbinin ötən ay Bakıya etdiyi səfərlər də bu baxımdan məhsuldar olub.

Universitetdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, noyabrda ilk səfər 18–20 noyabr tarixlərini əhatə edib: “Prof.Dr. Asım Vehbi səfər çərçivəsində Bakıda keçirilən “Tətbiqi Sənətlər Sahəsində Fəaliyyət Göstərən Türk Dilli Ölkələrin Ali Təhsil Müəssisələri Rektorlar Birliyi”nin təsis toplantısında iştirak edib və Birliyin quruluş bəyannaməsini imzalayıb. Təsis edilən Rektorlar Birliyi, sənət təhsilinin beynəlxalqlaşmasını gücləndirməyi, mədəni əlaqələrin qlobal miqyasda inkişafını təşviq etməyi və üzv universitetlər arasında təcrübə mübadiləsini genişləndirməyi hədəfləyir. Bəyannamədə qarşıdakı iki il ərzində üzv ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsinin artırılması, ortaq emalatxana və ustad dərslərinin təşkili, sərgi və simpoziumlar vasitəsilə birgə layihələrin həyata keçirilməsi əsas istiqamətlər kimi müəyyən olunub”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə ARUCAD arasında imzalanma
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə ARUCAD arasında imzalanma

Məlumata görə, Bəyannaməni Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Macarıstan İncəsənət Universiteti, ARKIN Universiteti, Turgunbay Sadıkov adına Qırğızıstan Milli Rəssamlıq Akademiyası, Temirbek Jürgenov adına Qazaxıstan Milli Rəssamlıq Akademiyası, Mimar Sinan Güzel Sanatlar Universiteti və Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri imzalayıblar.

Universitetin məlumatına əsasən, səfərə çərçivəsində rektor, həmçinin, ali təhsil və sənət qurumları başda olmaqla müxtəlif tərəfdaşlarla görüşlər keçirib, yeni əməkdaşlıq protokollarının hazırlanması istiqamətində danışıqlar aparıb.

Qeyd edilib ki, bu səfər universitet üçün başqa bir baxımdan da yaddaqalan olub: “Universitetin beş tələbəsinin əsərləri, 9 fərqli ölkədən 11 universitetin iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan “Sərhədsiz İncəsənət” adlı beynəlxalq sərgidə nümayiş etdirilib. 19 noyabr 2025-ci ildə açılışı keçirilən sərgi, müxtəlif sahələrdə əsərlər yaradan gənc sənətçiləri bir araya gətirərək geniş və çoxşaxəli bir beynəlxalq seçki təqdim edib. Sərgidə ARUCAD-ı Sudenur Gençin heykəl işi, Güzel Yusupovanın şüşə (cam) işi, Liliya Kimin rəsm əsəri, John Tristan Mojaresin fotoşəkili və Melihe Ghorbaninin toxuma/tekstil işi təmsil edib. Tələbələrin orijinal və yaradıcı işləri sərgidə xüsusi diqqət çəkən əsərlər arasında yer alıb”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə ARUCAD arasında imzalanma
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə ARUCAD arasında imzalanma

ARUCAD-ın rektoru Prof.Dr. Asım Vehbi, Azərbaycan səfəri çərçivəsində Türk Dilli Ölkələr Tətbiqi Sənətlər Rektorlar Birliyinin nümayəndələri ilə birlikdə sərgini ziyarət edərək tələbələrin işlərini yerində incələyib. Vehbi, ARUCAD tələbələrinin beynəlxalq platformalarda görünürlük qazanmasından məmnunluğunu ifadə edərək bildirib: “Bu cür çoxmillətli sərgilər tələbələrimiz üçün yeni bir səhnə yaratmaqla yanaşı, onların müxtəlif mədəniyyətlərlə yaradıcı təmas qurmasına geniş imkanlar açır.”

Universitetin məlumatına əsasən, səfər çərçivəsində ARUCAD Azərbaycanın daha iki sənət yönümlü universiteti ilə əməkdaşlıq protokolu imzalayıb: “Bu çərçivədə ARUCAD, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə sənədlər imzalanıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə imzalanan əməkdaşlıq anlaşması, bakalavr və magistratura səviyyələrində tələbə mübadiləsini, birgə dərsləri, qısa müddətli akademik proqramları, ustad dərslərini, simpoziumları və akademik heyət dəyişimini nəzərdə tutur. Bu anlaşma tələbələrin fərqli akademik yanaşmaları yerində təcrübədən keçirərək təhsillərini beynəlxalq perspektivlə zənginləşdirməsinə imkan yaradır”.

Daha bir xatirə fotosu
Daha bir xatirə fotosu

ARUCAD ilə Azərbaycanın 100 illik tarixə malik köklü dövlət universiteti olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında da əməkdaşlıq protokolu imzalanıb: “Əməkdaşlıq çərçivəsində tələbə və akademik heyət mübadilə proqramları həyata keçiriləcək, ortaq elmi-tədqiqat layihələri icra olunacaq və tələbələr üçün iki diplom əldə etmək imkanı yaradılacaq. Universitetdən verilən məlumata əsasəm, sahə yönümlü hər iki universitet — ARUCAD və ADMİU dörd il əvvəl imzalanan əməkdaşlıq müqaviləsinin davamı olaraq əhatəsi genişləndirilmiş yeni protokola imza atıb. Protokola əsasən, hər iki universitetin Aktyorluq ixtisasında təhsil alan tələbələri Tələbə Mübadiləsi Proqramı və ya “3+1 Proqramı”na müraciət edərək iki diplom qazanmaq imkanı əldə edəcəklər. Akademik heyətin qarşılıqlı mübadiləsini də əhatə edən protokol, hər iki universitetin müəllimləri arasında bilik və təcrübə mübadiləsini gücləndirmək məqsədilə konqreslərin, konfransların, simpoziumların, seminarların və təlimlərin keçirilməsinə imkan yaradır. “Tələbə Mübadiləsi Proqramı”na qoşulmaq istəyən tələbələr qəbul olduqları universitetdə ən azı bir akademik ili başa vurduqdan sonra müraciət edə biləcəklər. “3+1 Proqramı”na daxil olan tələbələr isə üç akademik ili öz universitetlərində tamamladıqdan sonra son tədris ilini tərəfdaş universitetdə keçərək proqramı uğurla bitirdikləri halda hər iki universitetin diplomunu əldə edəcəklər”.

Mission News Theme by Compete Themes.