BAYRAQDAR MEDİA – Bu gün yenə, hər gün olduğu kimi, işə getmək üçün yola çıxmışdım.
Öz-özümə bir daha qürurla pıçıldayırdım: “Siz hələ yuxudan oyanmamış mən yolumu yarılamış olacağam…” Qonşu məni əsas yola qədər aparmalı idi. Gəldi…
Arxa oturacaqda tək əyləşmişdim. Birdən içimə ağır, izahsız bir hiss doldu. Sanki maşının havası çatmırdı, kim isə görünməz əlləri ilə boğazımdan yapışmışdı. Üç-beş dəqiqə bir ömrün ağırlığı kimi çökdü üzərimə. Tez düşmək istəyirdim.
Nəhayət, əsas yolda dayandıq. Düşdüm, qarşı tərəfə keçib avtobus gözləməli idim. Amma yol mənə tabe olmurdu. Hər səhər bomboş olan küçə bu dəfə sanki naməlum bir niyyətlə dolmuşdu — maşınlar ipə düzülmüş kimi bir-birinin arxasınca axırdı. Heç biri yol vermək istəmirdi, sanki bir razılaşma vardı aralarında. “Bu sıxlıqda qəza olacaq” – deyə içimdən keçirdim, amma yenə də keçməli idim.
O anda maşınların arasından mənə doğru gələn bir kölgə gördüm. Addım-addım yaxınlaşırdı. Heç bir maşın ona toxunmurdu. Daxilimdə bir ümid doğdu: “Demək, kiməsə görünməyə ehtiyacım varmış… Mənə kömək edəcək.”
Amma kölgə yaxınlaşdıqca böyüdü, ağırlaşdı, heybətləşdi. Qanlı, kobud əllərini mənə uzadaraq gəlirdi. Üzü isə… Mən belə sifəti yalnız yuxuda, kabuslarda və filmlərdə görmüşdüm: asimmetrik, dərin cırmaq izləri, qurumuş qan, üfunətli yara qoxusu… Sadəcə eybəcərlik deyildi bu — mərhəmətdən tamamilə məhrum bir varlığın sifəti idi.
O an ürəyimdən yalnız bir neçə cümlə keçdi: “Deyəsən məni öldürəcək. Deyəsən nə vaxtdır insan parçalamayıb. Ay Allah… Mən ölmək istəmirəm. Günahlarımdır yəqin… Bağışla məni, Allahım, bağışla…”
Elə bu zaman haradansa nəhəng bir uğultu eşidildi, sanki yer titrədi. Bədheybət dayanıb qaldı. Mənim ayaqlarıma güc gəldi və qaçdım. Qaçdım… sonra büdrəyib yerə yıxıldım. O qorxunc varlıq ayağımdan yapışdı. Qışqırmaq istədim, amma səsim boğazımda ilişib qaldı. Bayaq insanla dolu olan yol indi bomboş idi — nə bir maşın, nə bir adam… Mən torpağa dırnaqlarımla yapışırdım, sürüşürdüm, sürünürdüm.
İçimdə yalvarırdım: “Allah, yalvarıram, qoyma, məni öldürsün…”
Yenə bir uğultu… Yenə bir sarsıntı… Varlıq əlini ayağımdan çəkdi. Mən çətinliklə ayağa qalxdım. Yaxınlıqda bir ev gördüm. Ora tərəf qaçdım. Dəmir qapısı vardı. Var gücüm ilə dartdım, tərpənmədi. Qapını döydüm. Səs çıxmadı. Əllərim göyərmişdi, dırnaqlarımın altından qan axırdı.
Birdən qapı öz-özünə açıldı. İçimə sevinc doldu, özümü içəri atdım, amma…
Gördüyüm mənzərə ürəyimi dayandıracaq qədər dəhşətli idi. Divarlarda qan ləkələri, yerə atılmış cırıq paltarlar… Mən ölməmişdən cəhənnəmin özünə düşmüş kimi idim. Elə bu an arxamda qəhqəhə səsləndi — soyuq, iyrənc, insan səsinə oxşamayan bir səslə. İki kobud əl boğazımdan yapışdı. Nəfəsim kəsilirdi. İçimdən keçdi: “Bu sondur… Mən ölürəm… Allah, mən ölmək istəmirdim…”
Və… qapı möhkəm çırpıldı.
Qorxudan sıx bağladığım gözlərimi açdım. Hər tərəf qaranlıq idi.
Yox… gecə lampası yanırdı.
“Bəs telefonum hanı?” Yataqdan yerə düşmüşdü — saatın zəng titrəyişləri qapı çırpılan kimi səs salmışdı. O mənəvi “uğultular” da elə həmin titrəyişlərin davamı imiş…
Saat 05:10 idi.
Yataqdan qalxdım.
Və yenə — hamı yuxudan durmamış — mən iş başında olmalı idim.
Hər açılan səhər mənə bir daha göstərir ki, yaşamaq özü də bir möcüzədir — şükürlə qorunan, günahla yaralanan… Bu səhər anladım ki, yaşadığım hər nəfəs bir lütfdür — həm ötənlərə görə bağışlanma diləməyə, həm də içimdə qalan bütün həsrətləri yığışdırıb yenidən yola çıxmağa dəyərmiş…





