Press "Enter" to skip to content

Əsl güc milli dəyərlərə bağlılıqdır

Senan KAZIMOĞLU

Son yeniləmə: 29 Dekabr 2025

Sənan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bir müddət əvvəl internetdə qarşıma bir video çıxdı. Videoda uzun məsafə qaçışında rəqiblərini geridə qoyan idmançı Maria Lorena Ramírezdən bəhs edilirdi. Meksikada yaşayan yerli Tarahumara tayfasına mənsub olan bu xanım, sadəcə milli geyimi ilə, bahalı və yüksək texnologiya ilə hazırlanmış idman geyimləri və ayaqqabıları geyən rəqiblərinə qarşı çıxdığı yarışlarda qalib gəlirdi. Düşünün, ayağında əl ilə düzəldilmiş sadə bir başmaq, üstündə isə tayfasına məxsus milli paltar olduğu halda bütün idmançıları geridə qoyaraq 50 km-lik ultramarafonu qazanıb.

Bu bacarığını görən dünyanın məşhur idman markaları bir-biri ilə yarışaraq onunla sponsorluq müqavilələri imzalamaq və yüksək texnologiyalı avadanlıqlarını şəxsinə hədiyyə etmək istəyirdilər. Lakin Maria Lorena Ramírez bütün təklifləri “onları geyinənlərin hamısı arxamda qaldı” deyərək rədd etdi. Çünki onun gücü və inamı bu markalardan deyil, milli mədəniyyətindən gəlirdi.

Maria Lorena Ramírezin mənsub olduğu Tarahumara tayfası uzun məsafələri (məsələn, 150 km) dünyanın tanınmış idmançıları ilə təxminən eyni müddətdə qaçmaları ilə məşhurdur. Bu tayfanın yaşadığı bölgələr dağlar və çətin yollarla əhatələndiyi üçün qaçış onların həyat tərzi və milli mədəniyyətinin bir parçasıdır. Məhz buna görə tayfa özünü “sürətli qaçanlar” mənasında “Raramuri” deyə adlandırır.

Bəs bu hekayənin bizimlə nə əlaqəsi var? Son vaxtlar, təəssüf ki, gənclərimiz arasında bizi biz edən milli mədəniyyətimizə, milli adət və ənənələrimizə zidd davranışlara rast gəlirəm. Təkcə bu da deyil. Milli mədəniyyətimizdən uzaqlaşmaqdan başqa onu başqa mədəniyyətlərdən daha aşağı görmək, milli adət-ənənələrimizə istehza ilə yanaşmaq hallarının artdığını müşahidə edirəm. Bu isə çox təhlükəli bir vəziyyətdir.

Bizi biz edən mədəniyyətimiz, adət-ənənələrimiz əsrlər boyu tarix süzgəcindən keçərək təcrübə ilə günümüzə qədər çatmış dəyərlərdir. Əgər bir Azərbaycan türkü öz mədəniyyətini aşağı görür, başqa xalqların dəyərlərini üstün bilirsə, onun qanının bizdən olmasının heç bir mənası qalmır. O şəxs üstün gördüyü mədəniyyətin mənsubudur. Yəni insanın mənsubiyyətinin harada olmasından asılı olmayaraq, bağlı olduğu mədəniyyətə aid olması əsasdır.

Əgər öz millətinin adət-ənənəsinə görə yaşamır, onun dəyərlərini mənimsəmir, öz xalqına inanmır və ondan üz çevirirsə, həmin şəxsin bu millətin üzvü olmasının bir mənası qalmır. Bununla yanaşı, boş-boşuna mikromillətçilik etmək, şüarlarla və pafoslu nitqlərlə vətənpərvərlikdən danışmaq da heç bir dəyər daşımır.

Həqiqi milliyyətçi və vətənpərvər olan insan öz milli dəyərlərinə, mədəniyyətinə və adət-ənənələrinə sahib çıxar, onları gələcək nəsillərə ötürməyə çalışar, öz xalqına inanaraq milli mədəniyyətini yaşadar. Bu olduqda isə, Maria Lorena Ramírez nümunəsində olduğu kimi, qarşında kim olursa olsun, hansı bahalı texnologiyadan istifadə etsə də sən milli dəyərindən və inamından aldığın güclə hər zaman rəqiblərini geridə qoyarsan.

Mustafa Kemal Atatürkün dediyi kimi: “Milli mənliyinə sahib çıxmayan millətlər başqalarının ovuna çevrilir”.

Mission News Theme by Compete Themes.