Press "Enter" to skip to content

Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri

Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri

BAYRAQDAR MEDİA – 6-7 dekabr tarixlərində Qarabağın turizm potensialını, eləcə də mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə 40 yerli turizm şirkətinin nümayəndələri üçün Xankəndi və Şuşa şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

Xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfər Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hoteller Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Dəmir Yolları (ADY) və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə azad olunmuş ərazilərin turizm potensialını və mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə həyata keçirilib. İştirakçılar Qarabağ regionuna ADY-nin yeni açılmış Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin qatarı ilə yola düşüblər”.

Bildirilib ki, “səfər çərçivəsində turizm sənayesi nümayəndələri Xankəndi və Şuşada yerləşən mövcud hotellərlə, şəhərlərin təbii və mədəni irsi ilə yaxından tanış olublar”.

Qeyd edək ki, “6-8 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin Qarabağ Regional Turizm İdarəsi tərəfindən turizm şirkətləri və blogerlər üçün Şuşa, Xankəndi, Laçın və Zəngilan istiqamətlərinə infotur keçirilib. İnfotur zamanı iştirakçılar bölgədəki mövcud turizm vəziyyəti, bərpa-quruculuq prosesləri və regionun formalaşmaqda olan yeni turizm infrastrukturu ilə tanış olublar”.

Mission News Theme by Compete Themes.