Press "Enter" to skip to content

Qardaş ölkədən azərbaycanlı sərmayədarlara çağırış

Oğuzhan Hasipoğlu

Oğuzhan Hasipoğlu: Eyni zamanda KKTC-yə ölkəmizə sərmayə qoymaq istəyən azərbaycanlı qardaşlarımıza da vətəndaşlarımıza təqdim etdiyimiz güzəştləri tətbiq etməyə hazırıq

BAYRAQDAR MEDİA – “KKTC-də təhsil alan və işləyən çoxlu sayda Azərbaycan vətəndaşı var. Eləcə də Qazaxıstan, Qırğızıstan və Özbəkistandan da işləmək üçün gələnlər var. Onların həyatını daha da asanlaşdırmaq bizim vəzifəmizdir. Eyni zamanda, ölkəmizdən təhsil almaq, işləmək üçün digər türk dövlətlərinə gedən vətəndaşlarımızın həyatını asanlaşdırmaq və işçi qüvvəsində birlik və harmoniya yaratmaq bizim vəzifəmizdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində KKTC-nin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu deyib.

Nazir KKTC dövləti olaraq Azərbaycandan gələnlər üçün atılan təşviqedici addımların davamlı xarakter daşıdığını qeyd edib: “Hazırda minə yaxın azərbaycanlı ölkəmizdə işləyir və oxuyur. Onlar bizim vətəndaşlarımızdan fərqlənmir, vətəndaşlarımıza verilən bütün sosial haqlardan yararlanırlar. Bilirsiniz ki, bizdə səhiyyə və təhsil liseyədək tamamilə pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir. Yəni Azərbaycandan bir ailə gəlib ölkəmizdə çalışmağa başlayanda, uşağı məktəbə yazdıranda onun təhsil haqqını dövlət ödəyir, pulsuz təhsil alır. Həmçinin həmin uşaqlara pulsuz səhiyyə xidməti göstərilir”.

O.Hasipoğlu KKTC-yə sərmayə qoymaq istəyənlər üçün də güzəştlərə ediləcəyini deyib: “Eyni zamanda KKTC-yə ölkəmizə sərmayə qoymaq istəyən azərbaycanlı qardaşlarımıza da vətəndaşlarımıza təqdim etdiyimiz güzəştləri tətbiq etməyə hazırıq. Yetər ki, gəlib sərmayə qoysunlar. Bunu yalnız söz olaraq demirik. Artıq Azərbaycan tərəfinin müvafiq qurumları ilə danışıqlar aparmışıq, iş adamları ilə müzakirələr edirik və bu proses davam edir. Əminəm ki, nəticə müsbət olacaq”.

Mission News Theme by Compete Themes.