Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub
BAYRAQDAR MEDİA – Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.
Bu barədə Hədəf Şirkətlər Qrupundan məlumat verilib.
Məlumata görə, tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər: “Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, KKTC, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər”.
Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır: “Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb”.
Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.
Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli və digərləri çıxış edərək bildiriblər ki, türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türk dövlətlərində və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.
İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.

Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib.
Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.
Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.









