BAYRAQDAR MEDİA – “Naxçıvan Muxtar Respublikasında irimiqyaslı bərpa olunan enerji layihələrinin həyata keçirilməsi məqsədilə dünyanın aparıcı “yaşıl enerji” sahəsində fəaliyyət göstərən şirkətlərilə tərəfdaşlıq müqavilələri bağlanılıb. Həmçinin Energetika Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında “Yaşıl Enerji Zonası” Konsepsiyası hazırlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə təqdim edilib”.
Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli deyib.
“Yaşıl Enerji Zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzuundakı tədbirdə çıxışında S.Seyidəhmədli bildirib ki, ümumilikdə, konsepsiya əhatəlidir və 4 əsas sahə üzrə 12 prioritet istiqamət müəyyən edilib: “Bu isə muxtar respublikanın ölkənin ilk tam yaşıl enerji modeli kimi formalaşdırılması istiqamətində ardıcıl və sistemli yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir.
Səlahiyyətli nümayəndə ümumilikdə “Yaşıl Enerji Zonaları” mövzusunun Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Natiq vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu istiqamətdə yeni mərhələ açır: “Dövlət Proqramında bərpa olunan enerji mənbələrinin inkişafı və “Yaşıl Enerji Zonası”nın yaradılması regionun strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib.





