BAYRAQDAR MEDİA – TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri və TƏBİB-in nəzdindəki tibb müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib. Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məılumat verilib.
Məlumata görə, açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbi savadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrə mediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi, piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasından ibarətdir.
O, bildirib ki, “təlim müddətində həm də icbari tibbi sığorta sistemində ambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcə də emosional sağlamlıq və emosional zəka mövzularında interaktiv məşğələlərin keçirilməsi nəzərdə tutulub”.
Daha sonra Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu, Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev çıxış ediblər.
Məlumata görə, TƏBİB-in İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Turan İbrahimova çıxışında bildirib ki; təcili və təxirəsalınmaz tibbi yardım xidməti təcili hallar üçün 15 dəqiqə, təxirəsalınmaz vəziyyətlər üçün isə 15 dəqiqə-1 saat müddətində icra edilməlidir: “2024-2025-ci illərdə tibb müəssisələrinin Təcili tibbi yardım şöbələrinə müraciət edən pasiyentlərin 73.9%-nə 4 saata qədər xidmət göstərilib. Tibbi xidmət üçün gözləmə müddəti ixtisaslı ambulator yardım üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, transplantasiya xidmətləri istisna olmaqla planlı stasionar yardım üçün göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq, təcili tibbi yardım isə tibbi göstərişə əsasən dərhal göstərilməlidir”.
Təlimdə, həmçinin Respublika Pediatriya Mərkəzinin psixoloqu Dəniz Umarova “Özünə qayğı: emosional sağlamlıq üçün praktik yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. D.Umarova stres və onun həyat fəaliyyətinə təsiri, stresin artmasına təsir göstərən faktorlar, neqativ düşüncə, davranış və emosiyaların idarə olunması, stresin azalmasına təsir göstərən günlük fəaliyyət növləri, stres vəziyyətində olan şəxsə ilkin psixoloji yardım, nəfəs və proqressiv rahatlama texnikalarından düzgün istifadə qaydaları barədə iştirakçıları məlumatlandırıb.
TƏBİB-in Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanova isə çıxışında dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolundan bəhs edib: ““Dövlət proqramları uzunmüddətli müalicəyə ehtiyacı olan vətəndaşların ödənişsiz dərman və tibbi xidmətlə təmin olunması üçün qurulan sistemdir. Səhiyyə sahəsində olan dövlət və tədbirlər proqramlarının əsas məqsədləri bərabər çıxış, davamlı təminat və əlilliyin və ölüm hallarının azaldılmasıdır. Sözügedən proqramlar şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı xəstələri və transplantasiya sonrası pasiyentlərə, onkoloji xəstələrə, yenidoğulmuşlara, uşaqlar və s. aid olur”.
Daha sonra yalan və insan davranışları üzrə mütəxəssis Təbriz Hacınskinin “İnsan tanıma sənəti və emosional zəka” mövzusunda interaktiv təlimi baş tutub.
Məlumatda deyilir ki, tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxış edib. O bildirib ki, media nümayəndələri dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır. A.İsrafilov TƏBİB tərəfindən səhiyyə sahəsində aparılan işlərin düzgün şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media nümayəndələrinə və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Təlim çərçivəsində media nümayəndələrinin ixtisaslı həkimlər tərəfindən müayinələri həyata keçirilib.
Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli əməkdaşlığa, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə isə təlimdə iştiraka görə sertifikatlar təqdim edilib.





