Press "Enter" to skip to content

Türk dünyasının bir parçası olmaqdan böyük qürur duyuruq

Oğuzhan Hasipoğlu (sağda) və Nadir Azəri

Oğuzhan Hasipoğlu: Türkiyənin qarant olması və qalıcı müdaxilə haqqı bizim üçün qırmızı xəttdir, bu mövqedən bir addım belə geri çəkilməyəcəyik

BAYRAQDAR MEDİA – Son vaxtlar Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Türk Dövlətləti Təşkilatı (TDT), xüsusilə də Azərbaycanla əlaqələri hər keçən gün daha da dərinləşir. Bu kontekstdə TDT-nin Bakıda keçirilən toplantıları da öz rolunu oynayır. Belə toplantılardan biri də ötən həftə reallaşıb. Bakıda ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin iclası keçirilib. İclasda iştirak edən KKTC-nin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ilə görüşüb, ondan BAYRAQDAR MEDİA üçün özəl müsahibə aldıq.

Qardaş ölkədən azərbaycanlı sərmayədarlara çağırış

Bu, Azərbaycan hökumətinin işçilərə və zəhmətkeşlərə verdiyi dəyəri nümayiş etdirir

-Azərbaycana xoş gəlmisiniz. Bu dəfəki səfərinizin necə dəyərləndirərdiniz?

-Səfərimizin səbəbi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin iclasında iştirak etmək idi. Qeyd edim ki, bu, Türk Dövlətləri Təşkilatı çərçivəsində ilk bu cür toplantı idi. Təşəbbüs göstərdikləri və bu ilk görüşü keçirdikləri üçün Azərbaycan hökumətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm. Bu, əhəmiyyətli bir təşəbbüsdür. Bugünkü tədbir Azərbaycan hökumətinin işçilərə və zəhmətkeşlərə verdiyi dəyəri nümayiş etdirir. Biz TDT-də xalqlarımız üçün belə bir birliyi nümayiş etdirdik. Onların hüquqlarını qorumaq üçün tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsini imzalanıb. Bununla da həm TDT daxilində birliyi və bütövlüyü, həm də işçilərə, iş səmərəliliyinə, zəhmətkeşlərə verilən dəyər nümayiş etdirilib. Dediyim kimi, bu, Türk Dövlətləri Təşkilatında əmək nazirlərinin ilk iş toplantısı oldu və bu toplantının keçirilməsi təşəbbüsü Azərbaycandan gəldiyi üçün mən qardaş Azərbaycan dövlətinə, həmçinin Azərbaycanın əmək və sosial müdafiə naziri Anar Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. Toplantıda qəbul edilən qərara əsasən növbəti görüş gələn il Türkiyənin ev sahibliyi ilə keçiriləcək.

-Konfransın mövzusu əmək və sosial müdafiə məsələləri idi. Məlumdur ki, hər bir dövlətin ayaqda durması, həmçinin vətəndaşların sosial rifahı və işçilərin əmək hüquqlarının qorunması məhz bu sahələrin düzgün idarə olunmasından asılıdır. Bu baxımdan, KKTC-nin həyata keçirdiyi siyasəti necə təqdim edə bilərsiniz?

-Öncəliklə onu deyim ki, bizdə çox yüksək səviyyədə minimum əməkhaqqı sistemi mövcuddur. Bu məbləğ 1200 dollara bərabərdir. Eyni zamanda sahibkarlara verdiyimiz xüsusi dəstək paketləri var, əlavə sosial yardımlar mövcuddur. Bundan başqa, qadınlarımıza ciddi şəkildə sosial dəstək veririk. Bir misal deyim: yeni iş quran sahibkar qadınların sığorta haqlarının yüz faizini dövlət ödəyir. Həmçinin 18–40 yaş arasında özünə yeni iş quran sahibkarlara da 100 faiz dəstək veririk. Bu təşviq mexanizmlərini biz yalnız öz vətəndaşlarımız üçün deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən gəlib ölkəmizdə işləmək və sahibkarlıq fəaliyyəti qurmaq istəyən şəxslər üçün də yaratmağa hazırıq. Məsələn, Azərbaycandan gəlib KKTC-də çalışanlara biz bu şəraiti artıq təqdim edirik. Çünki türk dövlətlərinin bizdə yeri ayrıdır. Biz bu məsələləri Bakıda keçiridyimiz ikitərəfli görüşlərdə də müzakirə etdik. Eyni zamanda, onu da deyim ki, Bakıda olduğum müddətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşdüm. Görüşdə Azərbaycanda həyata keçirilən ailə siyasəti, şəhid ailələrin və qazilərə dəstək, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verildi. Biz də öz növbəmizdə KKTC-də sosial müdafiə sahəsində görülən işlər, qadınların məşğulluğunun artırılması, onların əmək bazarında iştirak imkanlarının genişləndirilməsi, peşə və sahibkarlıq bacarıqlarının gücləndirilməsi üzrə həyata keçirilən layihələr barədə danışdıq. Gələcəkdə birgə layihələrin reallaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı təklifləri bölüşdük.

TDT bu gün qlobal məkanda mühüm aktorlardan biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərə bağlı bir qurumdur

-Cənab nazir, KKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi fəaliyyəti, ümumilikdə bu təşkilata üzvlüyü hansı önəm kəsb edir?

-İlk olaraq onu qeyd edim ki, KKTC-nin TDT-yə müşahidəçi üzv olması dövlətimizin dünya miqyasında dövlət kimi tanınması istiqamətində mühüm addımdır. Bu, eyni zamanda türk dünyasının KKTC-nin müstəqilliyi və tanınması uğrunda apardığı mübarizəyə göstərdiyi qardaş dəstəyin açıq ifadəsidir. Bizim TDT-də təmsil olunmağımızın başqa bir önəmi də var: Biz buraya öz adımızla – Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq qatılırıq, öz bayrağımız da təmsil olunur və bütün tədbirlərdə, toplantılarda – istər dövlət başçıları, istər nazirlər səviyyəsində – həmin bayraq altında iştirak edirik. Əslində başqa cür də ola bilməzdi, çünki sonda hamımız türkük və Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələr Türk dünyasının bir parçası olaraq KKTC-nin yanında olmalıdırlar. Bu günə qədər bizim yanımızda olublar, bundan sonra da bu dəstəyin davam edəcəyinə inanırıq. Arzumuz odur ki, tezliklə TDT-də müşahidəçi üzvlükdən tamhüquqlu üzvlüyə keçək.

TDT-də təmsilçilik mühüm önəm kəsb edir

Ümumiyyətlə, TDT bu gün qlobal məkanda mühüm aktorlardan biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərə bağlı bir qurumdur. Bu təşkilat türkün gücünü, türk dünyasının mənəvi və milli birlik gücünü dünyaya nümayiş etdirir. Bu baxımdan KKTC-nin bu qurumun üzvü olması xüsusi əhəmiyyət daşıyır. Biz türk dünyasının bir parçası olmaqdan böyük qürur duyuruq və bu gücün dərin mənasını Azərbaycanda daha aydın hiss edirik. Bu səbəbdən mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həmçinin bu günə qədər dövlətimizi bütün sahələrdə dəstəkləyən Türkiyə dövlətinə və xüsusilə göstərdiyi fədakarlığa görə sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğana minnətdarlığımı bildirirəm. Məhz Azərbaycan və Türkiyənin liderliyi ilə türk dünyası daha irəliyə addımlayır və Türk Dövlətləri Təşkilatı qlobal bir güc kimi dünyada öz sözünü deyir, mövqeyini göstərir. Biz bu iki dövlətə həm də ona görə minnətdarıq ki, onların sayəsində TDT-yə qapılarımız açıldı və digər türk dövlətləri də bizə qardaşcasına dəstək verdi. Eyni zamanda düşünürəm ki, uzun illərdir bizə tətbiq edilən embarqolar da türk dünyasının hərtərəfli dəstəyi ilə tədricən aradan qalxacaq və bizə qarşı olan haqsızlıqlar zamanla ortadan götürüləcək.

Adada iki ayrı xalq və iki ayrı dövlət var

-Növbəti sualım rum kəsimi ilə bağlıdır. Seçkilərdən sonra KKTC-də müəyyən bir kəsim düşünürdü ki, millilikdən uzaqlaşma olacaq və KKTC yenidən rum tərəfinin təsiri altına düşəcək. Lakin zaman göstərdi ki, rum kəsiminin türklərə, türk dünyasına, xüsusilə də Türkiyə ordusuna qarşı zehniyyəti heç dəyişməyib. Bu fonunda nələri demək istəyərdiniz?

-Bildiyiniz kimi, biz Kıbrıs türkləri olaraq 40 il federasiya ilə bağlı danışıqlarda iştirak etmişik. 2004-cü ildə Annan Planı prosesini yaşadıq. Biz referendumda plana “bəli” desək də, rumlar “xeyr” dedi. Buna baxmayaraq, cəzalanan biz olduq, lakin mükafatlandırılan onlar oldu: Rum tərəfi təkbaşına Avropa Birliyinə üzv qəbul edildi. Bütün bunlara rəğmən biz yenə də sülhün və ədalətli münasibətlərin qurulmasına sadiq qalaraq federasiya ilə bağlı danışıqlarda iştirak etdik. Lakin 2017-ci ildə Crans Montana danışıqlarında o vaxtkı rum lideri Anastasiadis açıq şəkildə dedi ki, “Anlaşmanın imzalanmasını istəyirsinizsə, adada bir dənə də olsun türk əsgəri qalmamalıdır, Türkiyənin müdaxilə haqqı aradan qaldırılmalıdır.” Bununla da əslində danışıqlar masasını özü dağıtdı. Biz federasiyaya yenə şans verdik. Lakin həm bu günkü iqtidarın, həm Ulusal Birlik Partiyasının, həm də mənim şəxsi fikrimə görə rum tərəfi adanın idarəsini və sərvətlərini bizimlə paylaşmaq istəmir. Onlar bizi azlıq kimi öz təsirləri altına alaraq birlikdə yaşamağı təklif edirlər. Lakin Kıbrıs türkləri belə bir anlayışı heç vaxt qəbul etməz. Aradan uzun müddət keçməsinə baxmayaraq, rum tərəfinin zehniyyətinin dəyişmədiyi bu günlərdə onların mövcud lideri tərəfindən verilən açıqlamalarla bir daha təsdiqləndi. O, dedi ki, “Anlaşma istəyirsinizsə, türk əsgəri adadan çıxmalıdır”. Türk əsgərinin adadan çıxmasının nəyə səbəb ola biləcəyini artıq izah etməyə ehtiyac yoxdur. Bunu bu gün Fələstində baş verənlər, bir zamanlar Bosniyada yaşananlar açıq şəkildə göstərir. Biz bunlardan dərs çıxarmışıq və Türkiyənin adadan çıxmasını istəyənlərin əsl niyyətini yaxşı anlayırıq. Türkiyənin qarant olması və qalıcı müdaxilə haqqı bizim üçün qırmızı xəttdir, bu mövqedən bir addım belə geri çəkilməyəcəyik. Rum tərəfi bizimlə nə idarəçiliyi, nə də siyasi bərabərliyi bölüşmək istəmir. Bu şərtlər altında hazırkı Cumhurbaşqanı Tufan Erhurmanın federasiya danışıqlarını aparması mümkün deyil. Hansı formatda təqdim olunmasından asılı olmayaraq bu şərtlərlə federasiya danışıqlarının nəticə verəcəyini heç kim gözləmir.

-Ümumiyyətlə, bu danışıqlar dayanmalıdırmı?

-Xeyr. Mənim vurğuladığım odur ki, biz adada iki dövlətli həllin bütün problemlərin həllinə yol açacağına inanırıq və bu mövqedə israrlıyıq. Bununla bağlı atılacaq bütün addımları dəstəkləməyə hazırıq. Bu müddətdə rum tərəfi ilə müəyyən sahələrdə əməkdaşlıq mümkündür. Məsələn, ara bölgəsində enerji əməkdaşlığı qurula, sərhəd qapılarının daha çox açılması ilə bağlı addımlar atıla bilər. Lakin bütün bunlar yalnız iki ayrıca dövlətin əməkdaşlığı çərçivəsində həyata keçirilə bilər. Adanın reallıqlarını nəzərə almalıyıq: Adada iki ayrı xalq və iki ayrı dövlət var. Qısası, biz “danışıqlar dayansın, heç bir dialoq olmasın” demirik. Əksinə, deyirik ki, danışıqlar davam etməlidir, masa arxasına hər iki tərəf oturmalıdır. Amma bu danışıqlar bərabərhüquqlu iki dövlət arasında aparılmalıdır və əldə olunacaq razılaşmalar da bu çərçivədə olmalıdır.

Mission News Theme by Compete Themes.