Son yeniləmə: 11 Dekabr 2025
BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul şəhərində Kültür və Turizm Bakanlığının təşkilatçılığı ilə “Restorasyon, Kültür, Sanat və Araştırmacılık” mövzusunda təlim keçirilib. Təlimdə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, Bərpa Laboratoriyasının bərpaçı-rəssamı Səbinə Əfəndiyeva iştirak edib.
Muzeydən verilən məlumata görə, təlim zamanı bərpa və ekspertiza sahəsində aparılan araşdırmalar müzakirə olunub, iştirakçılar kağız bərpasının nəzəri əsasları və müasir texnologiyaların tətbiqinə aid praktiki tapşırıqları yerinə yetiriblər. Həmçinin, mütəxəssislər tərəfindən eksponatların uzunmüddətli qorunub saxlanması ilə bağlı yeni yanaşmalar və beynəlxalq standartlar üzrə təcrübələr təqdim edilib.
Məlumatda qeyd edilib ki, sözügedən təlim çərçivəsində iştirakçılar İstanbul Universitetində keçirilən “Mirası koru, geleceğe taşı” adlı elmi iclasda çıxışları dinləyiblər və fikir mübadiləsi aparıblar.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.





