Tural Hacılı: II Azərbaycan-Türkiyə İnvestisiya Forumu iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır
BAYRAQDAR MEDİA – “İki ölkə arasında artan iqtisadi əməkdaşlıq fonunda bu il təşkil ediləcək ikinci forum daha geniş proqramla həyata keçiriləcək və iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır”.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı deyib.
Xatırladaq ki, dekabrın 23-də Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. Dekabrın 10-da isə həm TÜİB-in 2025-ci ildə həyata keçirdiyi fəaliyyətlər və əsas nəticələri, həm də II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə ətraflı məlumat vermək üçün media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Tural Hacılı deyib ki, forumda hər iki ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur: “Tədbir Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, biznes əməkdaşlığının genişləndirilməsi və yeni investisiya imkanlarının təqdim olunması üçün strateji əhəmiyyət daşıyır”.









