Əli Orucov: Kollektiv Batı ilə ABŞ arasında münasibətlərin soyuqlaşması Rusiya-Ukrayna müharibəsinə də öz mənfi təsirini göstərdi
BAYRAQDAR MEDİA – “Ötən həftə bir sıra hadisələrlə yadda qaldı. Xüsusən də Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı beynəlxalq təşəbbüslərin artması, dünyanın güc mərkəzlərinin yenidən konsolidasiyasi, Güney Qafqazda baş verən hadisələr diqqət mərkəzində oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında siyasi şərhçi Əli Orucov deyib.
O, qeyd edib ki, Rusiya-ABŞ danışıqları Avropa mərkəzli Batının müqaviməti ilə üzləşdi və Donald Trampın təklif etdiyi həll planı ətrafında ciddi müzakirələr aparıldı: “Bunun əksinə olaraq Moskva müttəfiqlərini artırmaq üçün Hindistanla anlaşmağa çalışdı. Əhalisinin sayına görə lider ölkə olan və böyüyən iqtisadiyyata malik Hindistana V.Putinin 2 günlük səfəri və keçirdiyi görüşlər Kreml üçün uğurlu hesab edildi. Moskva ilə Dehli arasında nüvə enerjisi, müdafiə sahəsi, yeni texnologiyaların tətbiqi, iqtisadi ticari əlaqələr, beynəlxalq platformalarda qarşılıqlı dəstək kimi məsələlərdə razılıq əldə olundu. Bu, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində V.Putinin əlini gücləndirmiş oldu”.
Müsahibimiz bu kontekstdə kollektiv Batı ilə ABŞ arasındakı münasibətlərin soyuqlaşmasına da diqqəti yönəldib: “Kollektiv Batı ilə ABŞ arasında bir sıra məsələlərdə, ələlxüsus da Rusiya-Ukrayna müharibəsi ilə bağlı ziddiyyətlər və fikir ayrılıqları bir qədər də dərinləşdi. V.Zelenski ilə ABŞ rəsmiləri arasında davam edən 2 saatlıq telefon danışığı nəticəsiz qaldı”.
Ötən həftə üçün Güney Qafqazda cərəyan edən proseslərə gəlincə, Ə.Orucov aşağıdakılaır bildirib: “Bu istiqamətdə ilk növbədə Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubu xüsusi qeyd edilməlidir. Bu Ağ Ev rəhbərinin ABŞ və onun prezidenti D.Trampın Azərbaycana və Prezident İlham Əliyevə bəslədiyi səmimi münasibətini və yüksək hörmətin təzahüri idi. Hesab edirəm ki, Güney Qafqazla bağlı daha bir vacib məqam da diqqət mərkəzində oldu. Azərbaycanla Ermənistan arasında nizamlanma işləri çərçivəsində nümayəndə heyətlərinin görüşləri əldə olunan razılaşmalar regionun gələcəyi və rifahı üçün ümidləri bir qədər də artırdı. Sərhədlərin demarkasiyası və delmitasiyasının sürətləndirilməsi, nəqliyyat xətlərinin açılması kimi məsələlər ümumi sülh prosesinə təkan verəcək hallardır”.





