BAYRAQDAR MEDİA – Dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Sonra nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub. MN-də təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. İki ölkənin nümayəndə heyəti arasında keçirilən görüşdə Z.Həsənov Azərbaycan ilə Özbəkistan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb”.
Sonra xəbərdə, “Özbəkistan nümayəndə heyətinin rəhbərləri ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hər iki ordunun inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd ediblər. Görüşdə Azərbaycan-Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, eləcə də müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Özbəkistan və Azərbaycan müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Azərbaycana rəsmi səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahında tabelikdəki baş idarə və idarələrin əsas fəaliyyət istiqamətləri ilə tanış olub, qonaqları maraqlandıran suallar cavablandırılıb” deyə qeyd edilir.





