Oğuzhan Hasipoğlu: Kıbrıs türk xalqı UBP-nin dövlət üçün etdiyi fədakarlıqları qiymətləndirəcək və partiyamız bir yumruq kimi birləşərək növbəti seçkilərdən də qalib ayrılacaq
BAYRAQDAR MEDİA – “Ulusal Birlik Partiyası (UBP) hər şeydən əvvəl qurucu bir partiyadır. Yəni Ulusal Birlik Partiyası Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) dövlətini quran, eyni zamanda KKTC-ni yaşatmaq istəyən bir partiyadır. UBP hər zaman Türkiyə Cümhuriyyəti ilə birgə addımlayan, Türkiyənin adadakı qarant dövlət olmasını qırmızı xətt kimi qəbul edən və bunun heç vaxt dəyişməyəcəyini bəyan edən bir partiyadır”.
Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində KKTC-nin iqtidar partiyası Ulusal Birlik Partiyasının baş katibi, qardaş ölkənin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu deyib.
O.Hasipoğlu bildirib ki, illər boyu KKTC-yə ən böyük sərmayələri həyata keçirən də məhz UBP olub: “Bu layihələr KKTC-nin müstəqil bir dövlət olaraq ayaqda qalmasına, həmçinin vətəndaşlarımızın səhiyyə, sosial təminat, qida təhlükəsizliyi və digər sahələrdə rifahının yüksəlməsinə xidmət edən layihələrdir. Bu istiqamətdə çoxsaylı nümunələr göstərmək olar. Sadəcə iki önəmli misal çəkim: Türkiyədən içməli suyun adaya gətirilməsi layihəsi və beynəlxalq standartlara malik geniş beynəlxalq hava limanının tikintisi. Bunların hər ikisi Ulusal Birlik Partiyasının reallaşdırdığı layihələrdəndir”.
“Həmçinin UBP-nin hakimiyyətdə olduğu dövrlərdə KKTC-nin yolları, xəstəxanaları, infrastruktur layihələri Türkiyənin dəstəyi ilə gerçəkləşdirilib. Bu gün adada əsas gəlir sahələrindən biri olan təhsil sahəsində atılan addımlar, universitetlərin yaradılması və beynəlxalq universitetlərin filiallarının açılması da UBP iqtidarları dövrünə təsadüf edir. Bu da təbiidir, çünki Ulusal Birlik Partiyası olaraq biz hər zaman dövlətimizə inandıq, bir gün bu dövlətin dövlətçilik haqqının dünya tərəfindən tanınacağına inandıq və mübarizədən bir an belə geri çəkilmədik” deyə o bildirib.
Baş katib partiyanın siyasi proseslərə də hazır olmaq üçün daim öz üzərində iş apardığını deyib: “Təbii ki, bu gün dünyada iqtisadi geriləmələr var və biz də bu prosesdən təsirlənirik. Lakin UBP olaraq – hakim partiya olaraq – sabitliyi qorumaq, əhalinin rifah səviyyəsini müdafiə etmək, iqtisadi gücümüzü sabit saxlamaq istiqamətində ardıcıl addımlar atırıq və bundan sonra da atacağıq. Bütün bunların fonunda, KKTC-də keçiriləcək növbəti parlament seçkilərindən də ən güclü partiya olaraq çıxacağımıza inanıram. Əminəm ki, Kıbrıs türk xalqı UBP-nin dövlət üçün etdiyi fədakarlıqları qiymətləndirəcək və partiyamız bir yumruq kimi birləşərək növbəti seçkilərdən də qalib ayrılacaq”.









