BAYRAQDAR MEDİA: “İcbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb. Son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova mediatur zamanı bildirib.
A.Əhmədova deyib ki, hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla elektromiyoqrafia (əzələ hərəkətlərinin elektrik aktivliyini ölçmək üçün istifadə olunur), treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlar) təmin edilib.
Qeyd edilib ki, səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb:”Bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb. İcbari tibbi sığortanın tətbiqi ilə yanaşı, Xəzər Tibb Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb və hazırda pasiyentlərə fasiləsiz xidmət göstərir. Bu ilin ilk 6 ayında Mərkəzə 90 minə yaxın müraciət daxil olub, ümumilikdə 248 mindən artıq xidmət göstərilib və icbari tibbi sığorta ilə 821 cərrahi xidmət icra edilib”.





